İlhamə Həsənova: "Biz artıq güclü və nüfuzlu vəkillik təsisatına malikik"
19-iyn, 15:16 157 GündəmGüclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Prezident İlham Əliyev
Bütün mütərəqqi, demokratik quruluşlarda insan amili və insan hüquqları ən ali dəyər hesab olunur. Respublikamızda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların ana xəttini də məhz insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin reallaşdırılmasında vəkillik təsisatının müstəsna əhəmiyyəti danılmazdır. Məhz ona görə də Ümummilli Liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyətinə xüsusi diqqət ayırıb. Belə ki, Ümummilli Lider tərəfindən 28 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu imzalanmış, Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi təsbit edilib. Ulu Öndərin vəkillik sahəsindəki islahatları cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi və ölkə başçımızın “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin yeni inkişaf mərhələsinə təkan verdi.
Bu gün ölkəmizdə vəkillik ən nüfuzlu və etibarlı təsisata çevrilib. Azərbaycan vəkilləri nəinki ölkə daxilində, hətta beynəlxalq aləmdə də insan hüquqlarının müstəqil və etibarlı qoruyucuları kimi tanınırlar. Bu gün ölkəmizdə vəkillərin sayı 2300-ü keçib, regionlarda bu peşə sahiblərinin sayı artırılaraq, insanların keyfiyyətli hüquqi yardıma əlçatanlılığı təmin edilib. Həm regionlarda, həm də Bakı şəhərində müasir, komfortlu vəkil ofisləri əhaliyə keyfiyyətli hüquqi yardım göstərməkdədir. Həm də bütün bu işlər vəkillərin maliyyə müstəqilliyinin qorunması ilə görülür. Dövlətimizin bu təsisata qayğısı və dəstəyi isə danılmazdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi təxminən 3212 kvadrat metr olan bina ayrılıb. Hazırda vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi, formalaşdırılması, yəni Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində də üzv kimi fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019- cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında da vəkilliyin daha da mütərəqqi quruma çevrilməsi ilə bağlı proqram xarakterli göstərişlər verdi. Fərmanda irəli sürülən vəzifələr bu gün aidiyyatı qurumlar, o cümlədən Vəkillər Kollegiyası tərəfindən uğurla icra olunur. Fərmanın qəbul olunmasından qısa müddət sonra 31 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans baş tutub. Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrup formalaşdırılmış və hər 2 qrupun hazırladığı geniş məzmunlu təkliflər paketi qanunverici orqana göndərilib. Bundan başqa, Fərmandan irəli gələrək, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsait artıq müvafiq icra hakimiyyətinə deyil, birbaşa Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ayrılır, bürokratik maneələr aradan qaldırılaraq, şəffaflıq tam təmin olunur və ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Ölkə Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bir qrup üzvləri “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha sonra isə, bir qrup xanım vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi barədə Prezident tərəfindən 07.03.2022-ci il tarixli Sərəncam imzalanıb. Həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov Prezidentin 04.04.2022-ci il tarixli Sərəncamına əsasən, hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Hazırda vəkillərin hüquqi yardımı vaxt itirmədən daha səmərəli şəkildə həyata keçirə bilmələri üçün vahid proqram təminatına inteqrasiya ilə bağlı danışıqlar aparılmaqdadır. Bununla yanaşı, vəkillərin təşəbbüsləri, müxtəlif hüquq sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, Vəkillər Kollegiyasının nəzdində “Biznes hüququ”, “Əmək hüququ”, “Elektron vəkillik”, “Kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “Mübahisələrin alternativ həlli üzrə” komitələri təsis edilib. 2019-cu ilin əvvəlindən etibarən, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “Prodemos - Xalq üçün” layihəsi həyata keçirilməyə başlanılmışdır. Bu layihənin əsas məqsədi qanunvericilikdəki ictimai əhəmiyyət kəsb edən yenilikləri sadə dildə vətəndaşlarımıza izah etmək, hüquqi yardıma ehtiyacı olanlara dəstək olmaqdır. Bundan əlavə, Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti ilə əldə olunmuş razılığa əsasən, artıq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, bütün “ASAN Xidmət” Mərkəzlərində də Vəkil Büroları yaradılıb və səyyar vəkil xidmətləri göstərilir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan vəkilləri həm ön, həm də arxa cəbhədə, xüsusilə də informasiya savaşında misilsiz xidmətlər göstərdilər. Erməni vandalizminin,terrorunun hüquqi aspektlərlə bütün dünyaya, o cümlədən hüquq ictimaiyyətinə çatdırılmasında əməli işlər görüldü, yüzlərlə ölkənin hüquq ictimaiyyətinə əsaslı, arqumentli müraciətlər ünvanlandı.
Əvvəlki illərdə beynəlxalq əməkdaşlığın demək olar ki, yox səviyyəsində olmasına baxmayaraq, 2018- ci ildən artıq vəziyyət dəyişməyə başladı. Fəaliyyətini ictimaiyyətə açıq və şəffaflıq üzərində quran Azərbaycan Respublikası Vəkillər Kollegiyası qısa zaman kəsiyində beynəlxalq arenada çoxsaylı nailiyyətlər əldə etdi. Bu dövr ərzində BMT-nin çoxsaylı ixtisaslaşmış qurumları, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, GIZ, həm ayrı-ayrı ölkələrin Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri, həm də bu təşkilatların müxtəlif qitələrdəki beynəlxalq birlikləri, habelə digər ölkələrin Azərbaycandakı səfirlikləri və Ticarət Palataları ilə əməkdaşlıq münasibətləri qurularaq möhkəmləndirilib. Həmçinin, vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (CCBE, ICJ) səmərəli əməkdaşlıq münasibətləri qurulub. Bu təşkilatların tövsiyələri ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər təkmilləşdirilib. Daha sonra, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş təkliflər də nəzərə alınıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinə (Türk-Av) həmtəsisçi və üzv, daha sonra Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE), Beynəlxalq Vəkillər Assosiasiyasına (UIA), Asiya və Sakit Okean Hüquq Assosiasiyasına (LAWASIA), Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzv seçilib. Bundan əlavə, 16.02.2022-ci ildən etibarən ARVK rəsmi olaraq “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq 2019-2021” (PGG II) çərçivəsində Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində vəkillik peşəsinin Avropa standartlarına uyğun olaraq gücləndirilməsi” regional layihəsinin fəaliyyətinə qoşulub. Layihə çərçivəsində Kollegiya “Genderlə əlaqəli məsələlərin peşəyə və ədalətə çatımlılığa təsiri” adlı VIII analitik buraxılışın onlayn təqdimatlarında müşahidəçi qismində, Avropa Hakimlərinin Məşvərət Şurasının 16 saylı Şərhinin tətbiq edilməsi ilə bağlı hakimlərin və vəkillərin görüşlərində və qadın vəkillərin assosiasiyalarının dəstəklənməsi sahəsində yol xəritələri və konsepsiya sənədlərinin tərtib edilməsində iştirak edib, o cümlədən Azərbaycanda gənc hüquqşünaslar assosiasiyalarının üzvləri əlaqəli regional layihələrə cəlb olunub. Xüsusilə qeyd edək ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır. 4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və 13 may 2022-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlarımızdan sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə böyük səs çoxluğu ilə CCBE-yə üzv qəbul olunub. Qeyd edək ki, bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin fikrincə bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin mütərəqqi metodların tətbiqi ilə daha da təkmilləşdirilməsinə təsir göstərən mühüm amildir. Sədr müavini bildirib ki, böyük siyasi əhəmiyyət kəsb edən bu nailiyyət həm də Azərbaycan vəkilləri üçün artıq beynəlxalq tribuna vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini digər beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır.
15-17 iyun 2023-ci il tarixlərində Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) ümumi qurultayında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olunub. Qeyd olunmalıdır ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan 20 ölkənin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan Respublikası oldu. Göründüyü kimi dövlətimizin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.
2018-ci ildən bu günədək Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə, Gürcüstan,Belarus, ARVK ilə Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti, Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA), Monqolustan, Rusiya, Özbəkistan və sairə ölkələrdə fəaliyyət göstərən vəkil birlikləri ilə əməkaşlıq memorandiumları imzalanıb, 100-dən çox beynəlxalq təbirlərdə iştirak gerçəkləşdirilib.
Azərbaycan vəkili bütün sahələrdə olduğu kimi, idman,incəsənət, bədii yaradıcılıq sahələrində də aktivdir. Qeyd edək ki, ayrı-ayrı ölkələrin vəkilləri arasında beynəlxalq futbol turnirləri, o cümlədən qitə və dünya çempionatları yarım əsrə yaxın müddətdir ki, keçirilir. Azərbaycan vəkil futbolu bu prosesə 2017-ci ildə qoşulmuş və “Advokat” adlı komanda təsis edilərək, futzal üzrə Azərbaycan çempionatının 2-ci liqasında çıxış etməyə başlayıb, 2019/2020-ci il mövsümünü 2-ci pillədə başa vurmuş, pandemiyadan sonra, 2021-2022-ci il mövsümündə isə çempion olub.
Azərbaycanda bütün ölkələr arasında ilk olan , ən böyük “vəkil mantiyaları” sərgisi təşkil olunmuş, Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilən silsilə tədbirlər arasında bədii yaradıcılıq müsabiqələri, şahmat turnirləri geniş yer alıb.
Qeyd olunmalıdır ki, 2018-ci ildən başlyaraq bu günədək həm paytaxt, həm də regionlarda ödənişsiz hüquqi yardıma dair tədbirlərin davamlılığı təmin edilib, ümumilikdə isə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən ölkə üzrə 30 000-dən çox aztəminatlı şəxslərə ödənişsiz hüquq yardım xidmətləri göstərilib. İstər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birbaşa özü tərəfindən, istərsə də yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində vəkillər üçün geniş miqyaslı təlimlər, ixtisasartırma kursları, cari təlimlər və s. təşkil edilir, peşəkarlıq səviyyələrinin daha da artırılması üçün onlar tədris proqramlarına cəlb olunur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası hüquq kadrlarının yetişdirilməsi istiqamətində təhsil və tədrisə də xüsusi diqqət göstərir. Azərbaycanın hüquq ən nüfuzlu təhsil müəssisələri( Milli Aviasiya Akademiyası, ADA universiteti, Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyas, Dövlət Gömrük Komitəsinin Akademiyası və s.) ilə əməkdaşlıq memorandiumları imzalanıb, bu memorandumlar çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən həmin təhsil müəssisələrində hüquqşünas kadrların yetişdiilməsinə daim dəstək göstərilir.
Vəkillər Kollegiyası vəkilliyin inkişafı, hüquqi maarifləndirmə, ölkədə hüquq islahatlarına dəstək itiqamətində yüzlərlə tədbirin və sosial aksiyaların iştirakçısı olub. ( Bax:Vəkillər Kollegiyasının 5 illik hesabatı:https://barassociation.az/news/991)
2018-ci ildən başlayaraq ölkə vəkilliyində baş verən mütərəqqi islahatları saymaqla bitmir. Azərbyacan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sözləriylə desək Azərbaycanda vəkillik fəaliyyəti kifayət qədər perspektivli sahəyə çevrilib. Sədrin də qeyd etdiyi kimi, bu gün gənc hüquqşünasların əksəriyyəti vəkil olmağa və Azərbaycan Vəkillər Kollegiyasına üzv olmağa üstünlük verirlər:
“Azərbaycanda demokratikləşmə prosesində Vəkillər Kollegiyasının roluna gəlincə, biz öz rolumuzu ilk növbədə qanunların üstünlüyünün təşviqində və hüquqi maarifləndirməyə töhfə verməkdə görürük. Biz Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti əmin edə bilərik ki, Azərbaycanda demokratiyanın, qanunun aliliyinin möhkəmləndirilməsi üçün zəruri olan hüquqi islahatların səmərəli həyata keçirilməsinə dəstək istiqamətində əlimizdən gələni edirik və bundan sonra da əlimizdən gələni edəcəyik”.
Azərbaycan vəkilliyinin son illərdəki inkişafı, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü nüfuz qazanması bu təsisata rəhbərlik edən Anar Bağırovun güclü iradəsinin, iti məntiqinin, novator ideyalarının, təkmil komanda işinin nəticəsidir. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Azərbaycanda vəkilliyin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını vurğulayaraq göstərib: "Anar Bağırovun timsalında bu sahədə həqiqətən də böyük dəyişikliklər var. İlk növbədə son 3 ildə ölkəmizdə vəkillərin sayının artmasını xüsusi olaraq qeyd etmək istərdim. Artıq paytaxtla yanaşı, bölgələrdə də vətəndaşlarımıza hüquqi yardım göstərilməsi ilə bağlı xeyli irəliləyiş əldə olunub. Bundan başqa, qanunvericilik sahəsində dəyişikliklər də vəkilliyin nüfuzunun artmasına müsbət təsir göstərir. Bu gün vəkilliyə qəbul prosesi şəffaf qaydada həyata keçirilir. Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır”.
Bu gün Azərbaycan vəkilliyininin nüfuzunun, gücünün artması istiqamətində sadaladığım və sadalaya bilmədiyim yüzlərlə uğura imza atan, dərin məntiqə, iti ağıla, idarəetmə bacarığına, ən əsası isə dövlətini, xalqını hədsiz dərəcdə sevmək üçün böyük ürəyə malik olan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağıovun doğum günüdür.
Məncə, Anar Bağırov kimi bir insan üçün ən böyük hədiyyə ona etibar edilən işin öhdəsindən layiqincə gəlməsi və geriyə dönərkən yaşadığı illərə çox böyük fəxarətlə, qürur hissi ilə baxmasıdır. Sizi Təbrik edirik, dəyərli Anar Bağırov! Sayənizdə Azərbaycan vəkilliyi güclü və nüfuzlu təsisata çevrilə bildi. Bu yolda Sizə daha böyük uğurlar arzulayırıq!
İlhamə Həsənova
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü