“Birbaşa uçuşlar və sürət qatarları turistlərin sayının artmasına səbəb olub” - ŞƏRH


“Bu il ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və artım tendensiyası aydan-aya daha da yüksəlir”.
Bu sözləri Oxu.Az-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib. O bildirib ki, gələn turist sayının artması yaxşı dinamikadır:
“Çünki pandemiya dövründə ümumiyyətlə turist yox idi. Hazırda postpandemiya dönəmindəyik deyə turistlərin sayında ciddi canlanma var.
Ölkəmizə səyahət edən turistlərin ən çox ziyarət etdikləri ərazi Bakı şəhəridir. Çünki hazırda yalnız hava nəqliyyatı ilə Azərbaycana gəlmək mümkündür, ona görə turistlər ilk paytaxta daxil olur, buradan regionlara üz tuturlar. Regionlar arasında ən populyar, öz reytinqini qoruyub-saxlayan, turizm sahəsində lider Qəbələ istiqamətidir. Quba, Qusar, Şəki, son zamanlar isə cənub zonası – Lənkəran istiqaməti turistlərin marağını cəlb edir. Gəncəyə səyahət edən əcnəbi turistlərin də sayı artıb.
Bu yaxınlarda Azərbaycanda ilk dəfə Hava Şarları Festivalı keçirildi. Şamaxıda təşkil edilən bu tədbir turizm üçün böyük bir üstünlükdür. Hava şarlarına marağı, bu tipli turist axınını Kapadokiyanın simasında görə bilirik. Həmin regionda sırf bu istiqamətə fokuslanaraq, turistləri orada qəbul edirlər. Nəticədə Kapadokiyaya onminlərlə, yüzminlərlə turist axın edir. Azərbaycanda da bu növ turizm inkişaf etsə, böyük bir töhfə deməkdir”.
ATAA sədri vurğulayıb ki, yeni turizm mövsümündə Azərbaycana ərəb ölkələrindən, Hindistandan, Avropadan, Rusiyadan gələn turistlərin sayı çoxdur:

“Birbaşa uçuşların açılması da bizə böyük üstünlük verir. Çünki turistlər sırf birbaşa uçuşlara üstünlük verərək səfər etməyi xoşlayırlar və nəticədə axın sürətlənir. Ölkə başçısının sərəncamı ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərdən viza tələbi götürüldü. Bu kimi addımlar da öz növbəsində turistlərin sayının artmasına şərait yaradır. Əvvəllər viza çətinliyi, vaxt və pul itkisi olduğu üçün turistlər alternativ olaraq digər istiqamətləri seçirdilər. İndi belə bir çətinlik yoxdur.
Bakıda daha çox tarixi turizm, mətbəx turizmi, dəniz turizmi öz üstünlüyünü qoruyur. İçərişəhər, muzeylər, tarixi abidələr və s. - Avropadan gələn turistlər daha çox bu növ turizmi sevirlər.
Regionlarda turizmin inkişafına isə sürət qatarlarının açılması müsbət töhfə verir. Artıq Bakı-Qəbələ istiqamətində sürətli qatarlar var. Bu da öz növbəsində həmin bölgənin turizm imkanlarını daha da genişləndirir. Çünki turistlərin qatarla səfər etmək istəyi var. Çox istəyərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin, Azərbaycanın digər bölgələrinə qatarla səfər etmək imkanları, çoxsaylı sürət qatarları olsun. Düzdür, bu bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır, xərclər gəlirlərlə əvəzlənəcək”.
Göydəniz Qəhrəmanov yerli turistlərin regionlara axınının da artdığını düşünür:
“Vətəndaşlarımız tətil və istirahət günlərində bölgələrə səfər edirlər. Bayramlarla bağlı bir neçə gün istirahətimiz olduqda daha çox paytaxtdan regionlara səfərlər artır. Bayram dövrü ölkəyə gələn xarici turistlər üçün də əlverişli məqamdır. Əcnəbi turistlər də bu cür əlamətdar məqamları daha çox Azərbaycanın regionlarında keçirməyi üstün tuturlar”.
Qeyd edək ki, Turizm Agentliyinin açıqladığı statistikaya əsasən, bu ilin yanvar-may ayı ərzində Azərbaycana 713 386 nəfər turist gəlib. Səyahət üçün Azərbaycanı seçən turistlər daha çox Rusiya, Türkiyə və Yaxın Şərq ölkələrindən gələnlərdir.
Aysel Aslan