Azərbaycan polisi peşə bayramınız mübarək!
02-iyl, 10:00 129 Gündəm / SiyasətAzərbaycan Polisi yaradılmasının 105-cü ildönümünü qeyd edir.
“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”
Heydər Əliyev
Bütün dünyada belə bir ümumi fikir mövcuddur: polis dövlətin və dövlətçiliyin əsas sütünlarından biridir. Bu fikrin əyani sübutunun Azərbaycan polisinin timsalında dəfələrlə şahidi olmuşuq.
932 nəfər əməkdaşı şəhid, 681 nəfəri əlil, eyni zamanda 67 nəfər əməkdaşı Mili Qəhrəman adına layiq görülən Azərbaycan polisinin bu gün yaranmasından 105 il ötür.
Azərbaycan Xalq Cumhuriyyəti qurulandan sonra- 1918-ci il iyul ayının 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradıldı. Cumhuriyyətin süqutunadək o, tam formalaşdırılıb başa çatdırılmasa da, dövlətin milli maraqlarını qorumaq, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atdı...
Müstəqillik dövrünün ilk illərində polis orqanları çox ağır şəraitdə fəaliyyət göstərsələr də, hüquqi boşluq ciddi problemlər yaratmışdı. 1994-cü il avqust ayının 9-dan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin həyatında köklü dəyişiklik baş verdi. Həmin gün Ulu Öndər Heydər Əliyev Prezident kimi “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı. Bu fərmandan sonra ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə başlandı.
1999-cu ildə “Polis haqqında” qanunun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu”nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramının müəyyənləşdirilməsi hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına xidmət edən çox sanballı sənədlərdir. Ümumiyyətlə, Azərbaycan polisinin fəaliyyətini tənzimləyən və müasir standartlara uyğun quran çoxsaylı qanunlar və normativ aktlar qəbul edilib, ciddi struktur dəyişiklikləri həyata keçirilib.
Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikamızı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda dövlətçilik, müstəqillik təhlükə altına düşmüşdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər 1993-cü ilin 15 iyunundan sonra xaosdan qurtuluşa keçidin əsasını qoydu. Ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.
Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı ilbəil aşağı düşür. Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən, Bakı isə ən təhlükəsiz şəhərlərdən biridir. Məhz buna görədir ki, ən nüfuzlu mədəni və sosial tədbirlər, dünyanın diqqətini özünə cəlb edən idman yarışları ölkəmizdə keçirilir. Beynəlxalq aləmdə xüsusi çəkisi və yeri olan dövlətlərin başçıları və iri ranqlı rəsmiləri həm də təhlükəsizlik məsələlərini nəzərə alaraq Azərbaycan paytaxtında görüşməyə üstünlük verirlər.
Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. İndi Azərbaycan Polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Habelə digər beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunur. İndiyədək 50-yə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə şoxtərəfli hökumətlərarası, həm də idarələrarası saziş, memorandum protokolu imzalanmışdır.
Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük tarixi şəxsiyyəti, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən şərq-qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilməkdədir.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib. Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynamaqla yanaşı, öz peşə borcunu layiqincə yerinə yetirərək öz hərəkəti, davranışı ilə cəmiyyətdə nümunə olmaqdadır.
Bu gün Azərbaycan vətəndaşları polisi özünə güvənc yeri hesab edir. Planetin bəlasına çevrilmiş pandemiya dövründə polisimiz özünü yaxşı tərəfdən göstərərək insanların yaxın dostu olduğunu bir daha nümayiş etdirmiş oldu. Məhz buna görə də cənab Prezident İlham Əliyev pandemiya dövründə həkimlərlə yanaşı, polisin rolunu da yüksək qiymətləndirmişdir. Azərbaycan polisi bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq karantin rejimi dövründə gücləndirilmiş iş rejimində işləyərək, bir an olsun sayıqlığını itirmədi. Yorğunluğa, çətinliyə baxmayaraq peşə fəaliyyətini layiqincə yerinə yetirib polis şərəfini hər şeydən üstün tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Daxili işlər orqanlarının işinin günün tələbləri səviyyəsində qurulmasında, möhkəm nizam-intizamın yaradılmasında, qanunların aliliyinə hörmətlə yanaşılmasında və cinayətkarlığa qarşı mübarizədə nazir, general-polkovnik Vilayət Eyvazovun rolu çox böyükdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün rəsmi “Facebook” səhifəsində 2 iyul- Polis Günü münasibətilə paylaşım etmişdir. Paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da 2 iyul- Polis Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım etmişdir. Paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram”.
2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən Müharibəsində Azərbaycan Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları da Milli Ordumuzun əsgər və zabitləri ilə birlikdə çiyin-çiyinə mənfur düşmənə qarşı şərəflə döyüşmüş və işğaldan azad olunmuş bölgələrimizdə bayrağımızın dalğalandırılması prosesində iştirak etmişdir. Torpaqlarımızın hər qarışı uğrunda gedən ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin şəxsi heyəti 66 nəfər şəhid vermiş, 346 nəfər ağır yaralanmışdır. Onlardan 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.
Müstəqil Azərbaycan dövlətinin daxili stabilliyində misilsiz rol oynayan polis Azərbaycanın demokratik, mütərəqqi qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdir və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqdır.
105 yaşın mübarək Azərbaycan Polisi!
Həmid Həsənov
Xaçmaz Rayon Polis İdarəsinin rəisi
Polis polkovniki
Biz də "Zeferyolu.az" informasiya agentliyi olaraq bu gün münasibəti ilə kollektivimiz adından vicdanlı və əqidəli polisləri peşə bayramı günü münasibətilə təbrik edir, onların hər birinə işlərində Vətənə və peşəyə layiq xidmət etməyi arzu edirəm. Çətin və məsuliyyətli peşə fəaliyyətiniz təmiz və şərəfli olsun. Allah sizləri var eləsin.
Bayramınız mübarək!
Fərid Səfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü