Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR


Heydər Əliyev: Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə
Yenixeber.org: Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə mediasında gündəm olan azsaylı məmurlardan bir və bəlkə də birincisidir… Məmur özbaşınalıqları ilə qarşılaşan ölkə vətəndaşlarına, iş adamlarına tribuna olan müstəqil media orqanlarında cənab Fərəcov haqqında yazılar az qala həndəsi silsilə şəklində sıralanır. Təəssüf ki, bu yazılarda daha çox məmur hegemonluğundan, haqlının haqsız duruma düşməsindən, nəinki sıradan vətəndaşlara, hətta dövlətə belə meydan oxunmasından bəhs olunur. Yazılarda yer alan iddialardan belə məlum olur ki, Zakir Fərəcov ölkənin üçüncü böyük şəhərini sözün hər bir mənasında öz qanunları ilə idarə edir: Ən yuxarı dövlət instansiyasına ünvanlanan şikayət məktublarını “Tualet kağızı” kimi istifadə etməsini hayqırtı ilə deyəcək qədər…
Bu günlərdə “Yenixeber.org”a Sumqayıt “şefi”ndən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlanmış şikayət məktubunun surəti daxil olub…
                        Sahibkarın “anası belə ağlar qalır”  
“Sahibi sahibkarı olarsa, basılmaz vətən” deyirlər… Sahibkarlığın çağdaş Azərbaycan iqtisadiyyatındakı rolu və əhəmiyyəti haqqında danışmaq artıq olar. Elə bu səbəbdəndir ki, cənab prezident İlham Əliyev də, hər zaman sahibkarlığa, sahibkarlara dövlət dəstəyinin, məmur qayğısının vacibliyini bildirib, bildirir və şübhə yox ki, bundan sonra da bildirəcək.
Amma,… Təəssüf ki, dövlət başçısının bu siyasətini qəbul etməyən, yaxud etmək istəməyən yüksək çinli məmurlar hələ də var. Eyni ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kimi… Yuxarıda qeyd etdiyimiz şikayət məktubundan, eləcə də google üzərindən apardığımız araşdırmalarla belə məlum olur ki, sahibkarlara müxtəlif adlarla “Torba tikmək”, haqqını yemək, hətta həbs etdirmək Sumqayıt “şefi”nin fəaliyyətində əsas kredosudur. Maraqlı, həm də nonses odur ki, həbsinə nail olduğu iş adamlarına təkrar müəyyən layihələrin icrasını həvalə edir, əməkdaşlığı davam etdirir(?)  
Sahibkarların bildirdiyinə görə 7 ilə yaxındır ki, Zakir Fərəcovun dəvəti və təklifi ilə Sumqayıt şəhəri üçün, konkret olaraq da məşhur Dənizkənarı Bulvar, Şəhidlər Xiyabanı və digər layihələri vaxtında və yüksək səviyyədə başa çatdırsalar da, haqq etdikləri vəsaiti ala bilmirlər. Söhbət 105 ha Dənizkənarı Bulvardan, Şəhdilər Xiyabanından, Heydər Əliyev prospektindən, şəhərin girişinin sağ və sol tərəfinin qurulub, abadlaşdırılmasından, S. Vurğun, Nizami və C. Cabbarlı küçələrinin, “Muğanbank”ın qarşısındakı parkın tikilib, abadlaşdırılmasından gedir. 7 ildir ki, görülən iş qarşılığında hissə-hissə ödənilməklə bu gün 2.850.000 manat vəsait hələ də “ilişib qalıb”. 
Baxmayaraq ki, dövlət büdcəsindən bütün bu layihələrin gerçəkləşməsi üçün müxtəlif tarixlərdə lazımı vəsait ayrılıb.
“Uzaqgörən” icra başçısı yeri gəldi-gəlmədi deyir ki, “bu layihələrə dövlət vəsait ayırmayıb, tapşırıq olub ki, daxili imkanlar hesabına başa çatdırılsın”. Bunun nə demək olduğunu, dövlətə, dövlətçiliyə hansı zərbə vurduğunu anlamaq üçün bir o qədər də dərin ağıl sahibi olmağa ehtiyac yoxdur. Sumqayıt “şefi” ya bilərəkdən, ya da hansısa səbəbdənsə dövlətçilik prinsiplərini, məlum yazılmış qanunları “unudub”, dövlətin idarə edilməsində kimlərinsə şəxsi münasibət və istəklərinin həlledici amil olmasını iddia edir. Ki, bu da yalan və yanlış yanaşma olmaqla yanaşı, həm də yumşaq desək çox zərərlidir…
(Təkcə bu statistikaya diqqət edək: 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı. 03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı. 21 noyabr 2019-cu ildə Mehdi Hüseynzadə adına  Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 (Beş) milyon manat və s.)  
Digər bir məqam, Dənizkənarı Bulvarın tikintisi zamanı gündəlik ödənişlərin şəhərin baş memarı Adil Xudadatov tərəfindən şəxsən, əlbəəl ödənilməsidir. Ki, bu faktı heç bir tərəf inkar etmir… Elə isə sual yaranır: əcəba, bu nə qayda, bu nə qanundur belə? İlin-günün bu vaxtında, az qala bütün hesablaşmaların nəğdsiz ödənişlərə keçdiyi bir zamanda Adil Xudadatovun bir restoranda oturub, hər gün günəmuzd ödəniş etməsi korrupsiya elementi kimi görünmürmü? Yoxsa, “Adil Xudadatov” adlı bir bank var, biz bilmirik?     
Bu arada ötən günlərdə jurnalist Şəfəq Ağacan da maraqlı məlumatla çıxış edib: Zakir Fərəcov sahibkarlara bildirib ki, “sizin pulunuz 30%-i mənə qlmaqla ödənə bilər. Bu da notarial qaydada təsdiqlənəcək”. Təbii ki, hər şeydən əlləri üzülən sahibkarların bir qismi buna razı olub, amma razılaşmayıb haqqlarını tələb edənlər də çoxdur.
Beləliklə də, illərdir ki, bu sahibkarlar borc-xərclə gördükləri işə görə almalı olduqları pulu ala bilmirlər. Nəticədə də, təkcə özləri müflisləşib sıradan çıxmır, həm də nisyə mal-material aldıqları həmkarlarını da özləri ilə bərabər “batırırlar”. Zakir Fərəcov isə bu bataqlığı kənardan seyr edib, həzz alırmış kimi görünür. Bəhanənin də “Biri bir qəpik”… Sən demə “yuxarılara pul lazım imiş”(?) Bu bəhanə inadırıcı olmadıqda isə bir az da irəli gedib, dövlət başçısının adından yararlanmaqdan belə çəkinməyib: Növbəti iddiası belə olub ki, dövlət başçısı işğaldan azad edilmiş Laçın rayonunda bərpa-tikinti işlərini sən demə “Sumqayıt “şefi”nə tapşırıbmış… Amma, bu da keçərli bəhanə olmadı və ola da bilməzdi… Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov açıqladı ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 6,5 milyard vəsait ayrılıb.
Hər şeydən əli üzülən Sumqayıt “şefi” bu dəfə başqa varianta əl atır: İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyevin xahiş-minnəti və özünün kişi sözü ilə “yuxarılar məni çox sıxır, vacibdir” deyib, borclu olduğu iş adamlarından bu ilin 22 fevralında Zəmanət Məktubu ala bilir. Heç bir ödəniş, heç bir sənəd, hansısa çek və s. olmadan. Şərtləri də o olur ki, səhərisi gün-23 fevralda-borclar ödəniləcək. Və borclar ödənməyincə bu məktub heç bir yerdə, heç bir kəsə təqdim edlməsin. Söz verildiyi kimi olmur, borclar ödənilmir…
Bu dəfə də “amma” olur… Qarşısındakıları aldatmağa nail olan cənab Fərəcov bu Zəmanət Məktubunu “əlində bayraq, qolunda qalxan edib”, özünü qorumağa çalışır… Bu əməlin isə insanlıq dəyərləri ilə nə dərəcədə bir araya sığmasını dəyərli oxucularımız dəyərləndirsin.
Sumqayıt “şefi”nin bu variantıda uğursuz olur… Onsuz da notarial qaydada verilməyən Zəmanət Məktubunu verənlər aidiyyatı dövlət strukturlarına müraciət etməklə məktubu ləğv etdirirlər. Beləliklə də, Zəmanət Məktubu lazımsız kağız parçasına çevrilir və icra başçısının bu cəhdi də “daşa dəymiş olur”.
Təhdid və təhqirin anatomiyası…
Yuxarıda sadaladıqlarımız Sumqayıt “şefi”nin “özfəaliyyət”i ilə bağlı iddiaların bir qismidir… Daha da maraqlısı isə şikayətçilərin şikayətinə münasibət məsələsidir. “Yenixeber.org”a daxil olan məlumata görə Zakir Fərəcovun dövlətə meydan oxuması şikayətçilərə münasibətdə daha qabarıq görünür. Sən demə Prezident Administrasiyasına ünvünlanıb da, sonda icra başçısının stolunun üstünə gələn şikayət məktubları “Tualet kağızı” kimi istifadə olunurmuş… Yuxarıda qeyd etdiyimiz məktubda yer alan məlumata görə şikayətçilərlə son görüşlərinin birində Sumqayıt “şefi” bildirib ki, “sizin yuxarılara göndərdiyiniz məktublar mənə çatır. Mən də, o məktubları ayaqyolunda istifadə edirəm”. Daha sonra da əlavə edib ki, “50.000 manat verib, hər birinizi tutduraram”.
Bax belə, təhqir və təhdid… Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı kimi yüksək və məsul bir vəzifə sahibinin idarəçilik prinsipi, “dövlətə xidməti”, “vətəndaşlara qulluğu” budur. Budur, Zakir Fərəcovun cənab prezidentin tələb və tövsiyələrinə “əməl etməsi”.
Yarmbaşlıqda ümummilli liderin məşhur deyimlərindən birini səbəbsiz xatrlamadıq: Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Buyursunlar, aidiyyatı dövlət orqanları: günahkar kim, günahsiz kim, kim cəzalanmalıdır, kim cəzasıq qalmalıdır? Dövlətimizin sarsılmaması üçün seçim etmək, lazımı ölçü götürmək təkcə vəzifə borcu yox, həm də dövlətçilik məsələsi olmalıdır.(Yenixeber.org)
P.S Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun fəaliyyət ilə bağlı redaksiyamıza daxil olmuş məlumatlarla növbəti yazılarımız olacaq.
Xəbəral.az