“Dövlət qurumları əlilliyi olan qadınların problemlərinin həllində köməklik göstərməlidirlər”
30-iyl, 16:13 109 Gündəm / Cəmiyyət“Əlilliyi olan qadın və qızlarımızın problemlərinin həllində bir cəmiyyət kimi hamımız, ən əsası da dövlət qurumları maraqlı olmalıdır”.
Bugun.tv-yə bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı danışıb. O, mövzu ilə bağlı Qusarda təşkil olunan seminar haqqında da ətraflı məlumat verib.
“Artıq 1 ilə yaxındır ki, cəmiyyətimizin təşkilatçılığı, BMT-nin Etmad Fondunun maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarında əlillyi olan qadınlarımızın dövlət qurumlarına çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dəyirmi masalar, seminar və təlimlər həyata keçiririk. 4 gündür ki, Quba-Xaçmaz bölgəsindəyik. Qubada görüşlər keçirdik. Tədbirlərdən biri də Qusarda təşkil olundu. Əlilliyi olan 25 nəfər qadının qatıldığı seminar çox uğurlu keçdi”.
Əlilliyi olan qadınlar
Seminar
M.Qaramanlının sözlərinə görə, tədbirdə əliln qadınları maraqlandıran və narahat edən suallar ətrafında fikir mübadiləsi aparılıb.
“Bir neçə saat davam edən seminarda mən və bu layihədə təmsil olunan QHT rəhbəri İradə Rizazadə çıxış etdi. Öncə iştirakçılara seminarın mahiyyəti barədə məlumat verdik. Həsas qrupdan olan əlil qadın və qızlarımızın üz tutduqları dövlət xidmətlərində tez-tez rastlaşdıqları problemlərin nələrdən ibarət olduğundan danışdıq. Həlli üçün dövlət qurumlarının dəstəyinə diqqət çəkdik. Bildirdik ki, problemlərin səsləndirilməsində məqsəd mövcud çətinliklərin aradan qaldırılmasında onlara köməklik göstərilməsini təmin etməkdir”.
Məhluqə Qaramanlının çıxışı
Məhluqə Qaramanlı
QHT rəhbəri bildirib ki, əgər dövlət qurumları öz istiqamətləri üzrə əlilliyi olan qadınlarımızın qarşılaşdıqları problemlərin həllində operativ şəkildə yardım etsələr, onlar da bu və digər məsələlərlə bağlı yüksək instansiyalara şikayətçi olmazlar.
“Bizim həyata keçirdiyimiz layihənin məqsədi də elə budur. Bir olub, birlik olub cəmiyyətimizdə bu kimi çətinliklərin öhdəsindən gələ bilməkdir. Ümid edirəm ki, 3 illik nəzərdə tutulan layihəmiz çərçivəsində biz istəyimizə, məqsədimizə nail olacağıq. Bu yolda yanımızda olan, dəstək göstərən dövlət qurumlarına, Vətəndaş Cəmiyyəti üzlərinə, o cümlədən, bizimlə əməkdaşlıq edən, fəaliyyətimizi daim işıqlandıran bütün media nümayəndələrinə “Əlil Qadınlar Cəmiyyəti” İB adından təşəkkür edirəm”, – deyə Məhluqə Qaramanlı əlavə edib.
QHT sədri sonda Qusarda təşkil olunan tədbirə görə rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.