Azərbaycanın özü qədər əbədi lider
30-avq, 15:41 102 Gündəm / SiyasətDövlətçilik salnaməmizdə silinməz izlər qoymuş,azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir.Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq.Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir.2023-cü ildə isə Azərbaycanda iki əlamətdar tarix - Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir.
“Mən Azərbaycanı,Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.” Bunu, sovetlər dönəmində onunla çiyin-çiyinə çalışmış məsləkdaşı etiraf edib.Həqiqətən də,hələ o dönəmlərdə milli lider siyasi mövqeyindən istifadə edərək yalnız və yalnız öz xalqının rifahı və mənafeyi üçün çalışmışdı.Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki,Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə,strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş,müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.Ümummilli lider Heydər Əliyev sivilizasiyaların qovuşuğunda, daha dəqiq desək,böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın da təməlini qurmağa müvəffəq oldu.Bu, təcrübəli dövlət adamı, siyasi lider kimi onun üzərinə tarixin, taleyin və xalqının qoyduğu missiya idi.Lakin Ulu Öndərimiz daha böyük bir missiyanı həyata keçirərək,yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi.Böyük öndərimiz yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yaratmadı,həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.
Müasir hüquq sisteminin,o cümlədən,Azərbaycanda ədliyyə sisteminin inkişafı,ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması,insanların hüquq və azadlıqlarını müdafiə etməyə,azad,müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün fundamentin formalaşması da məhz Ulu öndərimizin adı ilə bağlıdır.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başladı.Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev oldu.Dahi rəhbər hələ o zaman müdrikcəsinə bu sözləri demişdi : “Mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm,bu gün də dərk edirəm.Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm.Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm.Hər bir kəlmənin,hər bir sözün mənasını dəfələrlə araşdırmışam,onun bu gün üçün,gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm.Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü,gələcəyi üçün çox böyük bir sənəd-siyasi,hüquqi sənəd yaratmışıq."
O illərdə müasir hüquq sisteminin möhkəm təməli atılmaqla "Konstitusiya Məhkəməsi haqqında","Məhkəmələr və hakimlər haqqında","Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlanaraq nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Məhkəmə-hüquq islahatlarının reallaşdırılması hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının hazırlanmasını şərtləndirir.Üçpilləli məhkəmə sisteminin formalaşması, hakim korpusun yenilənməsi,Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması, Ombudsman İnstitutunun yaradılması da liderimizin adı ilə anılır.Ulu öndərin yüksək humanizminin nəticəsidir ki, 1993-cü ildən icrasına moratorium qoyulan ölüm cəzasının 1998-ci ildə ləğv edilməsi ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda hər bir insanın ən ümdə haqqı olan yaşamaq hüququna əsaslı təminatlar verildi.Eyni zamanda,ölkəmizdə əfvetmə institutunun bərpa edilməsi vətəndaşların dövlətə,onun rəhbərinə ümid və etimadını artırdı.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçimi şəffaf prosedurlar əsasında,o cümlədən test üsulu ilə aparıldı və nəticədə hakim korpusu 60 faiz yeniləndi.Ümummilli lider bununla bağlı o zaman belə söyləmişdi: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan,yarışdan keçdilər və kim qalib gəldi,o da hakim təyin olundu.”
Göründüyü kimi, zaman keçsə də, möhkəm təməllərə əsaslanan Azərbaycan ədliyyəsi çağdaş dünyanın sağlam hüquq prinsipləri ilə qloballaşan informasiya cəmiyyətinə inteqraiya olunmaqla, cəmiyyətlə hakimiyyətin vəhdətini təmin edəcək idarəetmə sistemini uğurla formalaşdırır.
Hazırda ədliyyə sisteminin təkmilləşdirilməsi və dövrün tələblərinə cavab verməsi ilə əlaqədar siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-ci il Fərmanı və ona edilmiş dəyişikliklər,o cümlədən Azərbaycan ədliyyəsinin inkişafına dair proqramların qəbul edilməsi, ədliyyə orqanın fəaliyyətinin təkmilləşdirilməsi üçün “Elektron notariat”, “Elektron icra” və “Elektron məhkəmə” informasiya sistemlərinin yaradılmasını vətəndaşların hüquq və azadlıqların təmin edilməsi sahəsində ən mühüm addımlardan biri hesab etmək olar.
2018-ci ildə qəbul edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi,ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının,şəffaflıq prinsiplərinin təmin olunması,beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi,ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunub.Bu il 5 illik Proqramın son mərhələsidir.
Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən bu il ölkəmizin iqtisadi inkişafı,əhalinin rifahının yaxşılaşdırılması,vətəndaşlara səmərəli xidmətin göstərilməsi üçün bir sıra layihələr hazırlanıb.Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi,o cümlədən,elektron ədliyyə xidmətlərinin sayının artırılması,bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının hazırlanmasında müəyyən işlər görülür.
Göründüyü kimi,əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə və məhkəmə-hüquq islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib.Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişafı,insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə, məhkəmə sisteminin müasirləşdirilməsinə imkan yaradıb.Eyni zamanda dövlət başçısının 18 aprel 2006-cı il il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib,habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunub və “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanıb.
Qanunun şah olduğu cəmiyyətdə ədalətli,şəffaf və demokratik hüquqi islahatlar davam etdikcə, o ölkə inkişaf edərək beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir.İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.
Hazırda işğaldan azad olunmuş əzəli torpaqlarımıza Böyük Qayıdışla əlaqədar olaraq ölkəmiz yeni bir dövrə qədəm qoyub. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdir.Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması,bu orqanların infrastrukturunun yaradılması,onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə ədliyyə sahəsində çalışanların mühüm vəzifələrindəndir.Ulu öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün də yaşayır və zəfər çalır.
MARAL HƏSƏNOVA
NİZAMİ RAYON QEYDİYYAT ŞÖBƏSİNİN RƏİSİ