İrəvanda “seçki” tragikomediyası: Ermənilərin yeni sahibi və Moskvanın kürəyinə sancılan xəncər
09-sen, 13:37 98 Gündəm / Dünyaİrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkisini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəsindən gələn namizədlər olacaqlar. Kimin qalib gəlməsindən asılı olmayaraq, tragikomedik vəziyyət hələ çox sürəcək.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sentyabrın 17-də İrəvan Şəhər Şurasına keçiriləcək seçkinin müqəddəratı Ermənistan-Azərbaycan sərhədində, “Laçın” sərhəd-keçid məntəqəsinin yaxınlığında həll olunur. Baş nazir Nikol Paşinyanın son bir neçə ay ərzində nümayiş etdirdiyi bəyanat radikallığının da səbəbi məhz budur. Paris və Strasburq merlərinin sərhədə doğru səs-küylü səfərlərinin də başlıca məqsədi paytaxt İrəvanı əldən verməməyə hesablanıb.
Paytaxt getdisə, hakimiyyət də gedəcək
Hakimiyyətin son üç il ərzində Azərbaycan qarşısında dişsiz və əlacsız qalması ermənilərin bir qisminin ürəyincə deyil. Bu kontingent əsas etibarilə paytaxtda məskunlaşıb. Seçkilərdə regionlar Paşinyan üçün xüsusi problem törətmir. Son 30 ildə dərin iqtisadi tənəzzülü öz üzərində hiss edən kəndli həm qonşularla sərhədlərin açılmasını, həm də hökumətin kənd təsərrüfatının müxtəlif sahələrinə verilən kredit və subsidiyalardan yaralanmaq imkanlarının qalmasını istəyir. “Qarabağ klanı”nın 20 illik hakimiyyəti dövründə belə “bəxtəvərçiliy”i nəinki arzulamaq, bu barədə düşünmək belə mənasız idi. İrəvandakı administrativ resurs mənbələrindən və xidmət sektorundan çörəkpulu əldə edən paytaxt sakinlərindən fərqli olaraq, periferiya camaatı hərtərəfli böhranın bütün ağrı-acısını öz kürəklərində hiss edib. Odur ki, Paşinyan əsas zərbəni məhz İrəvan sakinlərindən gözləyir. Paytaxt getdisə, hakimiyyət də gedəcək. Son bir neçə ayın radikallığının da əsas hədəfi Azərbaycanla qarşıdurmada məğlubiyyətə uğrayan hakimiyyətin paytaxtdakı revanşist kontingentin gözündəki reputasiyasına əl gəzdirməkdir.
Yelisey sarayı ilə Kreml arasındakı İrəvan
Hazırda bütün ölkə kimi paytaxt İrəvan da Moskva ilə Paris arasında qalıb. Bu, bir seçim imkanı deyil, tale qarşısındakı əlacsızlıq, ermənilərin tarixi alternativ axtarışlarının növbəti göstəricisidir. Məcburiyyət xalq məhkəməsidir. Xalq isə ermənidirsə, hətta əsrlik haminin kürəyinə xəncər sancıb yeni sahibə pənah gətirmək problem deyil. Necə ki, Rusiya sürətlə Qafqazın cənubunu tərk edir, Fransa da həmin entuziazmla regiona daxil olmaq istəyir. Arxa qapıdan - Ermənistandan.
İkinci Qarabağ savaşı günləri və sonra, ümumiyyətlə, son 3 ildə Ermənistanı Fransa qədər müdafiə edən olmayıb və yoxdur. BMT TŞ-nin 5 daimi üzvündən biri olan Fransa bütün beynəlxalq reputasiyasını tərəzinin bir gözünə qoyub, erməni sevgisini isə digər. Afrikadakı müstəmləkələr bir-bir əldən çıxır, Ermənistan məhəbbəti isə səngimir. Bu, özünü təbii ki, sıravi ermənilərin də simpatiya seçimində büruzə verir. Qərb bütövlükdə Ermənistanı Fransanın ixtiyarına buraxıb. Ona görə də İrəvanda Paşinyan tərəfdarlarının uduzması və paytaxtın ruspərəstlərin əlinə keçməsi hakimiyyətlə yanaşı, həm də Qərbin, yəni Parisin məğlubiyyəti sayıla bilər.
“Azərbaycanla sonadək düşmənçilik”
İnsaf naminə, Paşinyanın gəlişindən sonra İrəvana sığal çəkməyə başlayıblar. Yeni parklar salınır, yollar təmir edilir, yaşayış binalarının həyətlərinə əl gəzdirilir. Yəni, idarəçilik baxımından hakimiyyət nümayəndəsi olan mer əvəzinin problemi yoxdur. Söhbət ideolojidir. Bu səbəbdən, yerli idarəetmə orqanlarına seçkilərin əsas leytmotivi yenə də “Azərbaycanla sonadək düşmənçilik”dir.
Keçmiş və indiki merin davası
Şəhər Şurası paytaxtın qanunverici hakimiyyətinin əsas orqanıdır. 65 nəfərdən ibarətdir. Şəhər meri də bu heyətdən seçilir. Yəni şurada çoxluğu əldə etmək mer vəzifəsini ələ keçirmək deməkdir. Təşkilatlanmış qüvvənin və ya partiyanın qələbə qazanmaq şansı daha çoxdur. Hakimiyyətin nümayəndəsi, hazırki mer əvəzi Tiqran Avinyan qarşısında kabinetinin divarındakı “əvəzi” sözündən qurtulmaq üçün fürsət yaranıb. Arxasında hakim partiya, əlində isə administrativ resurs var. Avqustda “Gallup”un keçirdiyi sorğunun nəticələrinə görə, hakim “Vətəndaş müqaviləsi” və Avinyan seçicilərin 15 faizinin səslərini qazana bilərlər. Onun başlıca alternativi isə 9-10 faizlə cəmiyyətdə böyük elektoral dəstəyi olmayan “Milli tərəqqi” partiyasının namizədi Ayk Marutyandır. O, populyar şəxsdir, ancaq partiyası zəifdir. Yəni seçici səsini partiyaya deyil, komediya ustasına verəcək. Marutyan əvvəllər də İrəvan meri olub, özü də Paşinyanın dövründə. Ancaq araları dəyəndən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Talan və rüşvətlə anılan “Qarabağ klanı”
Qalan namizədlərin dəstək göstəricisi 3 faizlik həddən yuxarı qalxmır. Hətta Ruben Vardanyanın yaratdığı “Həyat üçün ölkə” partiyasının namizədi Mane Tandilyan belə hakimiyyət nümayəndəsinə rəqib hesab olunmur. Bu isə o deməkdir ki, İrəvanda ruspərəstlərin hakimiyyəti ələ keçirmək şansları yoxdur. M.Tandilyan Ermənistanın və separatçı qurumun “kənd təsərrüfatı naziri” olub. Deməli, Koçaryan-Sarqsyan ikilisi ilə sıx bağlıdır. Ancaq problem ondadır ki, “Qarabağ klanı”nın nümayəndələri rüşvət və əhalini talan siyasətilə reputasiyalarını ləkələyiblər. Odur ki, Paşinyanın nüfuzdan düşməsi paytaxtda “Qarabağ klanı”nın qayıtması anlamına gəlməməlidir. Bunu R.Vardanyanın namizədinin reytinqi də təsdiqləyir.
Beləliklə, İrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkilərini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəsindən gələn namizədlər olacaq. Kimin qalib gəlməsindən asılı olmayaraq, tragikomediya vəziyyəti hələ çox sürəcək. Tək paytaxtda deyil, həm dövlət, həm də ümummilli səviyyədə.