Komitədən Azərbaycanda din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA
02-noy, 10:40 104 Gündəm / CəmiyyətAzərbaycanda din xadimlərinin yeni forma və avtomobillə təmin olunması ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, artıq din xadimləri onlara verilən avtomobildən və təsis edilmiş yeni geyim formasından istifadə edirlər.
Məsələ barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, din xadimlərinə avtomobillərin təqdim edilməsi ilə bağlı yayılan görüntülər yeni deyil:
“Prezident İlham Əliyevin “Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 24 dini icmaya avtomobil təqdim edilib.
Hazırda isə rəsmi dövlət qeydiyyatına alınmış dini icmalara avtomobillərin verilməsi nəzərdə tutulmayıb”.
Komitədən əlavə edilib ki, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib:
“Vahid geyim forması həmin dövrdən tətbiq olunur. Ölkəmizdə fəaliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri bu geyim formasından istifadə edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələnin önəmini nəzərə alaraq daim maarifləndirmə işləri aparır”.
İlhamə Əbülfət