Aİ-nin min oyunu: Qərəzli bəyanatların pərdəarxası - ŞƏRH


Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi - Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel yenə də çoxlarını təəccübləndirmədi. Belə ki, o, Aİ xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir. Aİ rəsmisi əlavə edib ki, bu, qurumun Azərbaycanla münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq: “Biz razılaşdıq ki, Azərbaycan münasibətləri normallaşdırmaq üçün davamlı sülhə və danışıqlara qayıtmalıdır”.
Rəsmi Bakının Aİ nümayəndəsinin bu iddiasına cavabı gecikmədi. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə bildirdi ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi ölkəmizin legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.
“Ali nümayəndə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.

Beynəlxalq ictimaiyyətin İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır”, - A.Hacızadə vurğulayıb.
Birincisi, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Rəsmi Bakı bunu dəfələrlə ən ali səviyyədə ifadə edib. Üstəgəl, Bakı və İrəvan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Belə olan halda, Aİ-ni narahat edən nədir? Niyə imkan vermir ki, Ermənistan müstəqil şəkildə özü qərar versin, gələcəyini müəyyənləşdirsin? Səbəb aydındır: Brüsselin regional maraqları. Vasitəçilik iddiasında olan başqa aktorlar kimi, Aİ də özünün bölgədəki maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir.
İkincisi, əslində, bugünkü Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu sübut edən tarixi sənədlər, faktlar da var.
Üçüncüsü, indi Ermənistanın ərazi bütövlüyü məsələsinə belə həssaslıqla yanaşan, hər fürsətdə bu məsələni xatırladan Aİ niyə 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına münasibət bildirmirdi? Bu, riyakarlıq deyilsə, bəs nədir?

Dördüncüsü, Borrel Aİ ilə rəsmi Bakı arasında münasibətlərin gələcəkdə pozulması ehtimalını vurğulamaqla ölkəmizi hədələməyə çalışıb. Hərçənd, qarşılıqlı münasibətlərin inkişafı Azərbaycan qədər Aİ-nin özü üçün də maraqlı və əhəmiyyətlidir. Azərbaycan Aİ-nin ən etibarlı enerji tərəfdaşlarından biridir. 2022-ci ilin iyul ayında Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bundan başqa, 2022-ci ildə Azərbaycanla Aİ arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub. Belə misallar çoxdur. Bəs cənab Borrel niyə bunları unudur, görməzdən gəlir? Aİ, doğrudanmı, gələcəyi sual altında olan Ermənistana görə Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanla münasibətləri pozmağa hazırdır? Əgər belədirsə, bu, məntiqsizdir. İtirən, əlbəttə, Aİ özü olacaq. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.
Məhz Aİ rəsmilərinin belə qeyri-adekvat bəyanatları nəticəsində Ermənistan davamlı, sistemli mövqe ortaya qoya bilmir. Rəsmi İrəvan sülh, regional əməkdaşlıq haqqında ağızdolusu danışsa da, əməldə səmimiliyini göstərə bilmir. Çünki Aİ kimi üçüncü oyunçuların təlqininə, təhrikinə məruz qalır.
Aİ özünün qeyri-obyektiv davranışları ilə sanki Ermənistanın başının altına yastıq qoyur. Bu isə məhz A.Hacızadənin bildirdiyi kimi, Azərbaycana qarşı hərbiləşmə siyasətini gücləndirir və sülh gündəliyinə zərbə vurur.

XİN rəsmisinin “Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Rəsmi Bakının təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır” fikirləri, əslində, həm də rəsmi İrəvana mesaj və xatırlatma idi. Bu, o deməkdir ki, məhz qarşılıqlı səylər nəticəsində münasibətlərin normallaşmasında müəyyən irəliləyiş əldə olunub. Bu prosesin davam etməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti ikitərəfli təmaslara üstünlük verməli, üçüncü güclərin təxribatçı addımlarına və bəyanatlarına boyun əyməməlidir.
Tarix “çirkin oyun” adlandırılan siyasətin təmiz, ləkəsiz güzgüsüdür, göstərir ki, Aİ indiyədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir ciddi töhfə verməyib. Sülh istiqamətində gedən yolun xeyli hissəsi məhz rəsmi Bakının öz səyləri sayəsində qət olunub. İrəvan bu reallıqları nəzərə alsa, əlbəttə, daha yaxşı olar.
Digər üçüncü oyunçular kimi, Aİ-nin məqsədi aydındır. Bəs Ermənistana nə olub? O ki sülh istəyir. Bunun üçün real imkanlar da var. Odur ki, kimin nə deməsindən asılı olmayaraq, İrəvan adekvat davranmalıdır.
“Report” İnformasiya Agentliyi