Azərbaycanda 13 000 vətəndaşın şəxsi məlumatları sosial şəbəkəyə sızdırıldı
06-mar, 17:57 78 Gündəm / Cəmiyyət“Sosial şəbəkələrdə son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatında qeyd edilir.
ETX vətəndaşlardan diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.
Həmçinin, bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
ETX-dən, həmçinin, qeyd olunub ki, qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Adıçəkilən məlumat bazasının aşkarlanması ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırılması zamanı mümkün olub.