Fədakar alim, xeyirxah insan, qayğıkeş ana, çox hörmətli akademikimiz Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq-Könül Nəbizadə


Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. Hörmətli Zərifə xanımı ehtiramla anırıq-Könül Nəbizadə.

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, oftalmologiya sahəsi üzrə XX əsrin dünya şöhrəti qazanmış qadındır.
   Zərifə xanım Əliyeva  ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik,elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəlmiş qadındır.
  Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.
    1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsində böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Hörmətli Zərifə xanım 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.
   Ötən əsrin 30-40-cı illərində Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı və xalqımızı bu bəladan xilas etmək zərurəti Zərifə xanım Əliyevanı rahat buraxmırdı. O, bütün diqqətini bu xəstəliklə mübarizəyə və digər göz xəstəliklərinin müalicəsinə yönəltdi. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında inamla həyata keçirirdi. O, ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü.
Zərifə xanım Əliyeva dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə elmi işçi adını təsdiq etmişdir.
   Zərifə Əliyeva bu illər ərzində ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, geniş diapazonlu pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmiş, daha sonra dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdir. Zərifə Əliyevanın ADHTİ-də göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən dinləyici həkimlərlə apardığı mühazirə və praktik məşğələləri son dərəcə maraqlı və yeniliklərlə zəngin olduğundan kursdan kənar digər həkim və assistentlər, müəllim və elmi işçilər də ona həvəslə qulaq asır, həyat təcrübəsi toplayır, məmnun qalırdılar. Zərifə xanımın bütün mühazirələri, praktik məşğələləri müvafiq mövzular üzrə xəstə nümayişi ilə, müasir müayinə üsullarının tətbiqi, eləcə də digər əyani vasitələrlə müşayiət olunurdu.
Zərifə Əliyeva ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikasını və müalicəsini ön plana çəkmişdir.Zərifə xanım zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə bütövlükdə onların həyatını xilas edirdi.
 Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitinin müəllifidir.
 Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.
 Akademik Zərifə Əliyevanın əsərləri ilə yaxından tanış olan dünya alimləri onun elmi-tədqiqat işlərinə yüksək qiymət vermişlər. Akademik Zərifə xanımı tanıyan elm adamları- Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.Krasnovun "Alimlik zirvəsi, yaxud Zərifə xanımın xeyirxahlıq, ağıl və qüdrət məktəbi", Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K. Trutnevanın "Alim, pedaqoq, insan...", tibb elmləri doktoru, professor Z.Skripniçenkonun "Alim ömrü", Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.Nesterovun və Oftalmologiya və Radiologiya Mərkəzinin rəhbəri, Dövlət mükafatı laureatı, professor A.Brovkinanın "Anılan dost", Leninqrad Gigiyena İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, professor A.Dobromıslovun "Azərbaycanın gözəl qızı", professor A.Dobromıslovanın "Akademik Əliyeva və yaxud insan və qadın taleyi haqqında", Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, əməkdar elm xadimi, professor N.Şulpinanın "Amalı, niyyəti saf olan insan", Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafatın laureatı V.Şmilyevanın "Ana itirmişik ana yaşında", Azərbaycan alimlərindən prezidentin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri, professor Fatma Abdullazadənin "Sənsiz günəşsiz qaldı günlər", Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, respublika səhiyyə naziri, akademik Əli İnsanovun "Nadir 
 Zərifə xanım Əliyevanın yaradıcılığına, zəngin fəaliyyətinə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Fikrət Qoca, Nəriman Həsənzadə və digər şairlər şerlər qoşmuş, bəstəkarlar nəğmələr bəstələmiş, rəssamlar tablolar həsr etmiş, Eldar Ömərov kimi məşhur heykəltəraş "Elegiya" timsallı şedevr əsər yaratmışlar. Əminik ki, belə əsərlər bundan sonra da yaranacaq, akademik Zərifə Əliyevanın böyüklüyü gələcək nəsillərə olduğu kimi çatdırılacaqdır.

ATU öz layiqli məzunu ilə fəxr etməyə haqlıdır. Tibb Universitetinin oftalmologiya kafedrası əməkdaşlarının əksəriyyəti Zərifə xanımın yetişdirmələridir. ATU dünya şöhrətli məzunu Z.Əliyevanın unudulmaz xatirəsini həmişə əziz tutur, qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. Hörmətli Zərifə xanım Əliyevanı 

ehtiramla anırıq. 
                                                                                              Nəbizadə Könül Faxrəddin qızı.