İnsanın ən böyük sərvəti onun elmidir
12-iyn, 15:58 264 GündəmElm mənbəyinə görə əbədidir, fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmır, həcminə görə hüdudsuz, vəzifəsinə görə sonsuzdur. Elmin hüdudları üfüq xətti kimidir, insan ona nə qədər çox yaxınlaşsa, o bir o qədər bizdən uzaqlaşır. Hər kəs can atmalıdır ki, ata-babasının, müəllimlərinin bildiklərindən çox bilsin.
Bu yazıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi dosent Vaqif İsrafilov haqqında, qısa da olsa, məlumat vermək istərdik.
İsrafilov Vaqif İsmayıl oğlu 17 iyun 1959-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Arakol kəndində anadan olmuşdur. 1974-cü ildə Arakol kənd 8 illik məktəbi bitirmiş, 1976-cı ildə qonşu kənd Zolgöyəc kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1978-1982-ci illərdə ADPU-nun (keçmiş APİ) filologiya fakültəsində təhsil almış, 1982-86-cı illərdə təyinatla Cəlilabad rayonu, Novoqolovka kənd orta məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, 1987-90-cı illərdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində 42 nömrəli Texniki peşə liseyində ixtisası üzrə müəllim işləmişdir.
1986-cı ildə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantı olmuş, AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı lauearatı Afad Qurbanovun elmi rəhbərliyi ilə 1989-cu ildə “Gürcüstan SSRİ-nin azərbaycandilli oronim və hidronimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Elə həmin ildə ADPU-da Azərbaycan dilçiliyi kafedrasının nəzdində olan elmi-tədqiqat labaratoriyasında işlə təmin edilmiş, laborant, baş laborant, baş elmi işçi, dosent vəzifələrinə qədər yüksəlmiş və hazırda Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsində çalışır.
Dörd çağırış Binəqədi bələdiyyəsinə üzv seçilmişdir. Hazırda da Binəqədi bələdiyyəsində Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.
“Oğuz yarımqrupu türk dillərindəki toponimlərin tarixi-linqvistik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Əsərləri Rusiya Federasiyasında, Türkiyə Cumhuriyyətində, Orta Asiya respublikalarında və İran İslam Respublikasında çap olunmuşdur.
ADPU-nun 90 və 100 illik yubileylərində medallarla təltif olunmuş, 130-dan artıq elmi və publisistik məqalənin, 6 kitabın müəllifi olaraq Respublikada keçirilən Beynəlxalq konfranslarda xalqımızı ləyaqətlə təmsil etmiş, bir neçə dissertanta rəhbərlik etmiş və birdəfəlik müdafiə şuralarının üzvü olmuşdur.
ADPU-da fəaliyyət göstərən ixtisasdəyişmə fakültəsində dekan, şöbə müdiri vəzifələrində çalışmışdır. Türk Dil Qurumunun və Yeni Azərbaycan Partiyasının fəal üzvüdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, alimi Vaqif İsrafilovun 65 yaşı tamam olur. Altmış beş yaş bir alim üçün böyük rəqəm deyil. Məncə, alimin ən yetkin fəaliyyət dövrü elə 40-50 yaşdan sonra başlayır. Elmdə baş verənləri dərk edir, münasibət bildirir, kitablarda əbədiləşdirərək gələcək nəsillərə ərməğan edir.
Filologiya elmləri namizədi, dosent Vaqif İsrafilov da ömrünü elmə sərf edənlərdəndir. Onu da diqqətə çatdırmaq istərdim ki, bu möhtəşəm təhsil ocağında, pedaqoji təhsilin, hər bir dövr üçün müəllim hazırlığının bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmaq özü belə hər kəsdən böyük məsuliyyət tələb edir. Vaqif müəllim həmin məsuliyyəti daim öz çiyinlərində hiss etmiş, gənc nəslin layiqli, savadlı və ölkəmizin gələcəyini təmin edə biləcək kadrlar kimi, şəxsiyyət kimi yetişməsi üçün saç ağartmışdır. Həm müəllimlik etmiş, həm də elmi yaradıcılıqla məşğul olmuşdur.
Ustadı-Azərbaycan onomologiyasının banisi bir çox dünya ölkələri akademiyalarının fəxri və həqiqi üzvü olan prof.A.Qurbanovun rəhbərliyi və məsləhətləri ilə Azərbaycan onomologiyasına töhfələr vermiş, Gürcüstandakı Azərbaycan ərazilərini qarış-qarış gəzmiş, azərbaycandilli oronim və hidronimlərini tədqiq etmişdir. Toponimlər kimi, oronim və hidronimlərin də xalqın tarixini əks etdirdiyini nəzərə alsaq, həmin əsəri tarixi torpaqlarımızın coğrafiyasını və ərazinin aborigenlərinin Azərbaycan türkləri olduğunu isbat edən mühün əhəmiyyətə malik sənəd kimi dəyərləndimək olar.
Dos.Vaqif İsrafilov bu gün də öz elmi yaradıcılığını həm masada, həm də auditoriyalarda davam etdirir. Gənclərin layiqli-elmli, bilikli, babalarımızın ədət-ənənələrinə sadiq vətəndaş kimi yetişməsi üçün əlindən gələni əsirgəmir.
Hörmətli Vaqif İsrafilovun 65 yaşını təbrik edir, gələcək işlərində, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar, nailiyyətlər arzu edirik.
Həcər Emin qızı Hüseynova
ADPU, Azərbaycan dilçiliyi kafedrasının müdiri
Filologiya elmləri doktoru, professor