Botanika İnstitutunun alimləri Zəngilan və Şuşa şəhərlərində biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
14-iyn, 00:22 70 GündəmAR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun təşkilatçılığı ilə Zəngilan və Şuşa ərazilərində «Yaşıl dünya naminə həmrəylik ili» və COP29-a həsr olunmuş «Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi» mövzusunda yerli icmalarla dəyirmi masa keçirilib.
Zəngilan şəhəri Ağalı kənd tam orta məktəbində baş tutan tədbirdə Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri, məktəbin direktoru Sahil Aslanlı və müəllim-şagird heyəti iştirak ediblər.
Əvvəlcə tarixi qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı zəfərdən danışaraq "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilk addımların məhz Ağalı kəndindən başladığını tarixi hadisə kimi vurğulayıb və əhalini Zəngilana qayıdışı münasibətilə təbrik edib.
Tədbir zamanı professor S.İbadullayeva “Azərbaycan florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” elmi tədqiqat proqramı çərçivəsində "Böyük Qayıdış" icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətmək məqsədi ilə nəşr olunan “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabın və həmçinin arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanmış 3 buklet və 2 broşurun təqdimatını keçirib.
Dəyirmi masada İnstitutun Algologiya və lixenobriologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Şəkər Muxtarova, biologiya üzrə fəlsəfə doktoru Aygun Məmmədova, Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri, dosent Elman Yusifov, hibrid formatda Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva və başqaları öz tədqiqat sahələri barədə çıxışlar edərək müəllim və şagirdlərin suallarını cavablandırıblar. Sonda kitablar, buklet və broşurlar Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edilib, yerli icmalara paylanılıb.
Növbəti dəyirmi masa Üçüncü Ağalı kəndində və Şuşada yerli icmaların iştirakı ilə həyata keçirilib. Botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşurlar yerli sakinlərə paylanılıb, kitabxanalara təqdim olunub.
Səfər müddətində botaniklər tərəfindən Bəsitçay Dövlət Təbiət Qoruğunda, eləcə də Zəngilan və Şuşa ətrafı ərazilərdə ekspedisiya həyata keçirilib. Ərazidə yayılan nadir, endemik, dərman bitkiləri tədqiq edilib, etnobotaniki tədqiqatlar aparılıb, mamır və yosun nümunələri toplanılıb. Ərazidə tədqiqatlar davam edir. Monitorinqin nəticəsi ilin sonunda nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunucaq.