ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Obrayn Bakıya niyə gəlir?
27-iyn, 15:11 68 Gündəm"Ceyms Obrayn Bakıya səfəri çərçivəsində sülh sazişini müzakirə edəcək və Nikol Paşinyanın mövqeyini çatdıracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın iyunun 27-də Bakıya olacaq səfərini şərh edərkən deyib.
Ekspert bildirib ki, bir müddət bundan öncə Ceyms Obrayn Ermənistana səfər etmişdi:
"Həmin səfər çərçivəsində ABŞ-Ermənistan münasibətləri, habelə Bakı ilə İrəvan arasındakı sülh danışıqları müzakirə olunub".
Həmsöhbıtimiz düşünür ki, Obraynın Bakıya səfərində də ABŞ-Azərbaycan münasibətlərinin inkişaf dinamikası əsas müzakirə predmeti olacaq:
"O cümlədən sülh danışıqlarının inkişaf istiqaməti, tərəflər arasında razılaşdırılmış məqamlar və fikir ayrılığı olan məsələlərlə bağlı Vaşinqtonun təşviqedici çağırışları, mövqelərin uzlaşdırılması üçün kompromis variantlar təklif oluna bilər".
Ekspert bu görüşdə Azərbaycan tərəfinə hər hansı bir ciddi təzyiqlərin olacağını düşünmür:
"Əslində bu görüş İrəvanda keçirilən görüşün davamıdır. Obrayn Bakıya səfər çərçivəsində Ermənistanın sülh danışıqlarında razılaşmadığı və yaxud Azərbaycanın təkliflərinə razılıq vermədiyi məqamlarla bağlı İrəvana səfəri fonunda Paşinyanla nəhayət razılaşdırılan mesajları Bakıya təqdim edəcək. Bu fonda sülhün qısa müddətdə təmini, yaxud sülh danışıqlarının inkişafında yeni aralıq müqavilələrin əldə olunması üçün müəyyən sənədin imzalanması təklifləri də ola bilər. Böyük sülh sazişi isə Ermənistanda Konstitusiya islahatı həyata keçiriləndən sonra reallaşacaq. Bütövlükdə bu səfər Bakı ilə Vaşinqton arasındakı münasibətlərə və ABŞ-ın Azərbaycanla Ermənistan arasında etimadlı sülhün əldə edilməsinə mühüm töhfə verəcək".
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn iyunun 27-də Bakıda səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bakıda Obrayn Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək ikitərəfli əlaqələrdəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyini müzakirə edəcək.
Rüfət Sultan