Böyük qayıdışa zərif töhfə
24-avq, 18:03 33 Gündəm7 il öncə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu
"...Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar".
2020-ci il dekabrın 8-də, Zəfərlə bitən Vətən müharibəsinin üzərindən cəmi bir ay keçdikdən sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsindəki paylaşımında bu fikirləri bildirmiş, eyni zamanda qürur hissi ilə xalqımıza Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığı müjdəsini vermişdi: "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır..."
Budur, artıq sürətlə yeni həyata qayıdan Qarabağ və Şərqi Zəngəzurun məscidlərindən də müqəddəs azan sədası yüksələrək bütün Azərbaycana yayılır, xalqımızın ruhuna mənəvi dinclik bəxş edir.
Azərbaycan xalqı ilk dəfə işğaldan azad olan yurdlarımızın düşmən tərəfindən necə viranə qoyulmasını o yerlərə Qalib Lider İlham Əliyevlə birgə səfər edən Mehriban xanımın ürək ağrısı ilə çəkib paylaşdığı videogörüntülərdən izləmişdi. Erməni təcavüzkarlarının işğal müddətində yaşayış məntəqələrimizi necə çapıb-talamasını, dini, tarixi, mədəni abidələrimizi dağıtmasını, ekologiyamıza qənim kəsilməsini dəhşətlə seyr etmişdi.
Eyni zamanda Prezident İlham Əliyevin 2020-ci il noyabrın 24-də birinci xanımla birgə Ağdam Cümə məscidinə ziyarətə getməsi, Məkkədən gətirdiyi "Qurani-Kərim"i dini ocağımıza hədiyyə etməsi xalqımızın ürəyinə sərin su çiləmiş, keçmiş məcburi köçkünlərə tezliklə tarixi yurdlarımızın dirçəldiləcəyinin, ruhunun özünə qaytarılacağının rəmzi mesajını çatdırmışdı.
Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti ilə cəmi üç il ərzində Qarabağ və Şərqi Zəngəzurda dünyada bərabərinə rast gəlinməyən bərpa və quruculuq işləri aparılır, "ağıllı şəhər və kəndlər" tikilir. Qayıdış proqramının uğurlu icrasının nəticəsidir ki, artıq Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinin, eləcə də Laçın və Füzuli şəhərlərinin timsalında tarixi yurdlarımıza Böyük qayıdış da həyata keçirilib.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtı, Zəfər qalamız Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, bərpa işlərindən sonra Şuşada Yaradıcılıq Mərkəzinin, Mehmandarovların malikanə kompleksinin açılışının edilməsi və sair daxildir. Şuşada bərpa edilərək təqdim edilən möhtəşəm layihələrdən biri də "Yasəmən" hotelidir.
Mədəniyyət paytaxtında fond tərəfindən bərpası həyata keçirilən binalardan biri də milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağın mədəni ənənələrinə də yenidən həyat verir. İllər sonra, 2021-ci il mayın 12-13-də Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, həmin il avqustun 30-da illərdən sonra yenidən Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin keçirilməsi və sair mühüm tədbirlər bunun təcəssümüdür.
Eyni zamanda fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusunun, "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, mədəni irsinin dünyada tanıdılmasına, həmçinin qorunaraq gələcək nəsillərə ötürülməsinə ərmağandır.
Nümunə gətirdiyimiz bu faktlardan da göründüyü kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2020-ci il dekabrın 8-dən etibarən Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasını müvəffəqiyyətlə həyata keçirir. Xalqımıza məxsus maddi-mədəni irsin bərpası fonunda tarixi bərpa etmək kimi nəcib missiyanı yerinə yetirir. Prezident İlham Əliyevin təbirincə desək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə...
Xalqını sevən qədər xalqı tərəfindən sevilən insan, görkəmli şəxsiyyət, xalqının mehribanı Mehriban xanım doğum gününüz mübarək olsun!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu əlamətdar gününüzdə sizə uzun ömür, sağlamlıq və xoşbəxtlik arzulayıram. Xalqınıza olan dərin sevginiz və bu sevginin qarşılığında sizə göstərilən böyük hörmət və sevgilər, sizin necə əvəzsiz bir şəxsiyyət olduğunuzu bir daha təsdiqləyir.
Siz, hər zaman xalqınızın rifahını, inkişafını və xoşbəxtliyini ön planda tutmuş, sosial və mədəni sahələrdə müstəsna xidmətlər göstərmiş bir lider olaraq tanınmısınız. Sizin işləriniz və təşəbbüsləriniz, ölkəmizin müxtəlif sahələrində müsbət dəyişikliklərə səbəb olmuşdur. Xeyriyyəçilik fəaliyyətləriniz, mədəniyyət və təhsil sahələrindəki uğurlarınız, insanlara olan dərin sevginiz və qayğınız, sizə olan böyük hörmət və sevgini daha da artırmışdır.
Sizin rəhbərliyiniz altında həyata keçirilən layihələr, xüsusilə sosial qayğı, təhsil və mədəniyyət sahələrindəki təşəbbüslər, xalqımızın inkişafına və rifahına böyük töhfələr vermişdir. Siz, öz humanist yanaşmanız və fədakarlığınızla hər zaman insanlara ilham vermiş, onların həyatına müsbət təsir etmiş bir şəxsiyyət olaraq diqqət çəkirsiniz.
Bu xüsusi gündə sizə ən xoş arzularımı çatdıraraq, həyatınızın hər anının sevinc və xoşbəxtlik gətirməsini diləyirəm. Sizin gələcəkdə də daha böyük uğurlar əldə etməyinizi, həmçinin uzun, sağlam və xoşbəxt bir ömür sürməyinizi arzulayıram. Xalqımızın mehribanı, sizinlə fəxr edirik və sizə ən yaxşılarını arzulayırıq.
Bir daha doğum gününüz mübarək, Mehriban xanım!
Hörmətlə,
Mirdamət Seyidov
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru
Hazırladı: Səxavət Yazar
Araşdırmaçı-jurnalist