Pakistanın Karaçi Universitetinin professoru Botanika İnstitutunun qonağı olub
10-sen, 16:33 22 GündəmPakistanın Karaçi Universitetinin Dr. Panjvani adına Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzinin tərkibində fəaliyyət göstərən Kimyəvi və Bioloji elmlər üzrə Beynəlxalq Mərkəzin professoru, Dr. Atia-tul-Vahab Botanika İnstitutunda qonaq olub. İnstitutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva ilə görüşü zamanı qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verilib. Görüş ərəfəsində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Nazirlər Daimi Komitəsinin (COMSTECH) Baş kordinatoru professor Dr. Muhammad İqbal Choudhary hibrid formatda müzakirələrə qoşulub. İnstitutlar arası əməkdaşlığı gücləndirmək məqsədilə qarşılıqlı müzakirələr aparılıb. Həmçinin, bu ilin dekabr ayında Pakistanda birgə konfransın keçirilməsinə qərar verilib.
Qeyd edək ki, prof. Dr. Atia-tul-Vahab 2018-ci ildən İnstitutun Mikologiya və İbtidai bitkilər şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva ilə tibbi əhəmiyyətli göbələklərin bioloji aktiv maddələrinin araşdırılması isdtiqamətində sıx əməkdaşlıq edir. Mikologiya laboratoriyanın iki kiçik elmi işçisi bu istiqamət üzrə doktorluq dissertasiyaları üzərində çalışır. Onlardan Yagut Yusifova COMSTECH qrantı hesabına Karaçi Universitetində doqquz ay təlim proqramında iştirak etmişdir. Aparılan tədqiqatlar üzrə əldə olunan nəticələrə dair hazırlanan çap işləri geniş müzakirə olunub.