Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır
11-sen, 11:28 21 GündəmAzərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir.
“Qafqazinfo” “The Evening Standard”ın London nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib.
Məlumat üçün deyək ki, NCA Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağında qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinqdən çox məbləğ xərclədiyini üzə çıxardıqdan sonra məsələ ilə bağlı araşdırma açılmışdı.
Nəşrin xəbərinə görə, indi Zamirə Hacıyevanın həmin qızıl-zinət əşyalarını qanuni vəsait hesabına aldığı öz təsdiqini tapdığı üçün onların sahibinə qaytarılacağı rəsmiləşib.
Onu da deyək ki, Zamirə Hacıyeva agentliyin mülklərinə qoymaq istədiyi müsadirə tələbi ilə ötən ay razılaşıb. Buraya onun Naytsbrikdəki 14 milyon funt sterlinq dəyərindəki malikanəsi və Berkşirdəki qolf klubu daxildir.
Məhkəmənin qərarına görə, hər iki əmlak çirkli pulların yuyulması nəticəsində satın alınıb.
Zamirə Hacıyeva isə öz növbəsində müsadirə qərarı ilə razılaşsa da, iddiaları təkzib edib.
Onun ərinin sərvətinin qeyri-qanuni mənbəyi barədə hər hansı məlumatı olub-olmaması barədə isə heç bir nəticə əldə olunmayıb.
Yazıda o da qeyd olunub ki, sözügedən məsələlərlə bağlı işin icrasının bu ay davam etdirilməsi nəzərdə tutulsa da, NCA bu prosesi də açıqlanmayan sövdələşmə əsasında dayandırdığını bəyan edib.
Nəşr aydınlaşdırıb ki, qərarla Hacıyevanın mülklərinin və dəbdəbəli daş-qaşlarının 30 faizlik hissəsi müsadirədən uzaqlaşdırılaraq, onun şəxsi aktivlərinə geri qaytarılacaq.
Sözügedən zinət əşyalarının dəyəri təxminən 10 milyon funt-sterlinqdən artıq qiymətləndirilib.
NCA-nın sərvət dəyərindəki qiymətli zinət əşyaları ilə bağlı bu qərarı araşdırma işlərinin əsas amillərə yönəldiləcəyi ilə əlaqələndirilib.
Buna baxmayaraq, yerli anti-korrupsiyaçılar qərarı risk kimi gördüklərini dilə gətiriblər.
Qeyd edək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş və qadın olub. O bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.