Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
28-sen, 13:19 21 GündəmDeputat Fazil Mustafa təklif edib ki, müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə quru sərhədlərlə bağlı müəyyən güzəştlər edilsin: "Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər".
Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən deputat nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.
Bəs bu təklif reallaşarsa, müsbət nəticəsi ola bilərmi?
Professor Adil Qeybulla Qaynarinfo-a açıqlamasında bu təklifi müsbət dəyərləndirdiyini və müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb:
"Xəstə insanlara xaricə getmək üçün doğrudan da güzəşt edilməlidir. Professor kimi deputatın bu fikirlərini dəstəkləyirəm".
Milli Məclidin deputatı Elşad Musayev də həmkarı ilə eyni fikirdə olduğunu deyib:
"Uzun zamandır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Ölkə Prezidenti parlamentdə çıxışı zamanı bunun daha çox təhlükəsizlik məqsədi ilə edildiyi barədə məlumat verdi. Gərgin vəziyyətdir, bəziləri dişlərini Azərbaycana qıcayıb. Ermənistan üzərində Azərbaycanın qələbəsini həzm edə bilməyən çoxlu qüvvələr var ki, onlar ölkəmizə qarşı hər cür təxribat törətməyə hazırdırlar. Amma digər məqam da var. Məsələn, gənclərimiz ölkədən kənarda təhsil alır. Tələbələrin maddi durumu da nəzərə alınmalıdır. Eyni zamanda xəstə, həssas katiqoriyalı şəxlsər var ki, onlara güzəşt edilməlidir".
Qeyd edək ki, baş nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci il saat 06.00-dək uzadılıb. Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.
Bahar Rüstəmli