Tapdıq ƏLİBƏYLİ - ŞUŞA QALASI - QALA BAYRAQ

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə 

Bir ocaq çatıldı, təməl qoyuldu -

İki yüz yetmiş il Şuşa sorağı...

Zirvədən - zirvəyə gedilən yoldu,

Pənahəli xanın qala bayrağı.


Burda hər qayanın, daşın yaddaşı,

Əzəmət hopubdur hər qarışına.

Cıdır düzündəki cıdır yarışı,

Qərq olub igidlər, ər alqışına...


Yaddaş yadırğadı ötdükcə zaman...

Haylar hiyləsini çəkdi bülövə.

Fürsət yetişəndə vermədi aman,

Qənim kəsildilər gəldiyi Evə...


Nə yaman ağırməş nisgili elin,

İllərdi dönmüşdü baharım qışa.

Min doqquz yüz doxsan ikinci ilin

Səkkiz may günündən dilim də qısa...


Qırx dörd günlük savaş - özünə dönüş,

“Özünə dönəndə böyük olur türk”!

Şuşa uğrundakı şərəfli döyüş -

Qala bayrağımdan yağıya bir görk!..