ŞEİRLƏRİ MÜƏLLİFİNDƏN AYRI ÖZ TALEYİNİ YAŞAYAN ŞAİR - TAPDIQ ƏLIBƏYLI

“Sizə hardan xəbər verim, az danışanlardan, qaradinməzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan çaqqallardan, çox danışanlardan, dilli arvadlardan, küsəyənlərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, kosasaqqallardan, göygözlərdən, nə bilim nədən, nə bilim nədən... Lənət quyruqlu yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə. Rəhmət yazana, lənət pozana.

Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın. İndi gələk mətləbə.

Süleyman tacirin aynası açıldı, durub şəhərə çıxdı ki, bir qədər gəzsin, qəmi lap dağılsın. Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nərilti gəldi, bir işıq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qaldı, yavaş-yavaş işıq düşən yerə gəlib gördü ki, burda bir uşaq var.

Süleyman tacir öz-özünə dedi: “Xudaya, sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşağı mənə saldın”. Uşağın adını Tapdıq qoydular”. 

Tapdıq adını eşidəndə  “Tapdığın nağılı” yadıma düşür. Elə blirəm ki, bütün Tapdıqlar göy üzündən insanlara ərməğandır, tanrı duasından insanlara bəxşişdir. Tapdığı (bizim Tapdığı – N.M.) tanıyandan sonra əmin oldum ki, atalı-analı, arzulu, həsrətdən qopan, nisgillərə məlhəm olan bir övlad da var. İndi o da həmin nağılda yaşanmış həyatı bizim kimi maraqla oxuyur, hətta: “Baba, bizə bir nağıl de” – israr edən nəvələrinə söyləyir.


Dünyamıza  xoş  gəlmisən,

Ay nəfəsi  gül qoxulu.

Yoxsa özün bir gülmüsən,

Qənirsizsən, tayın yoxmu?


Mübarəkdir  qədəmlərin,

Ocağımın hərarəti.

Olmasın heç qüssə - qəmin,

Ay  evimin nəvə ətri.


Tapdıq Əlibəyli - duyğulu, həssas bir qələm sahibi, azərbaycançılıq ənənələrinə həmişə sadiq, ona dəyər verən istedadlı şair! Təsadüfi deyildir ki, “Payız çöhrəsində yazdı 44 gün” kitabı ilə Azərbaycanın  Vətən müharibəsində  qalibiyyətinin ilk carçısı məhz o olmuşdur. 


Bürüsə də duman, çən Qarabağı,

Zəfər çiçəklədi bağrının dağı.

Yadda boz illərin çiskin-sazağı,

Payız çöhrəsində yazdı 44 Gün!


Döyüş meydanında yenildi yağı,

Düşmən sırğa etsin qoy ağ bayrağı!

Sərkərdə gur çatıb tonqal, ocağı…

Qələbə tarixi yazdı 44 Gün!


Uzaq dağ kəndində, Yardımlıda, özünün dediyi kimi, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatmış, yeniyetməlik dövründən ta Bakıya ali təhsil almağa gələnədək zəhmət dərsləri keçmiş, bu da onun dərin mənəvi, yüksək insani keyfiyyətlər qazanmasına, gələcəkdə yetkin bir şəxsiyyət kimi formalaşmasına, eləcə də yaradıcılığına öz təsirini göstərmişdir. 


Azərbaycan adlı bu məmləkətin

Yardımlı bölgəsi, dağ vüqarı var.

Dostan əsirgəməz duz-bərəkətin,

Əzəli- əbədi torpaq-varı var.


Torpaq qarış-qarış Vətəndir bizə,

Hər qarış əzizdir , anamız kimi.

Daşı-kəsəyi də gülümsər üzə,

Hallalıq mayası, sadəlik əzmi.


Yaxud: 


Namuslu  adamlar heyrət  içində.

Halal  çörək  yeyən  zillət içində,

Tapdıq dolandıqca millət içində,

Özündən rüşvətə töhmət istəyir.


Bütün şüurlu yaradıcılığı ilə mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına şərəflə xidmət edir. Heç vaxt şeir yazmamışam, ancaq çox şair dostlarım var. Məni Tapdıqla bağlayan, hər şeydən əvvəl, ruh birliyidir: dostlarına münasibətdə səmimiliyi, təmənnasızlığı, nəfsini, heysiyyətini, məğrurluğunu saxlamağı bacarmağı.


Sadəliyi səmimiyyət batmanı,

Kədəri də, sevinci də bölüşər.

Halallıqdan yoğrulubdu imanı,

Bir-birinin köməyinə yetişər.


Şeirlərində dilimizin saflığına, onun  qorunmasına sanki bir çağırış var. Poeziyasının gücü hüdudsuz fantaziyasındadır, hər bir bəndi  yaradıcı düşüncəni inkişaf etdirən gözəl sənət nümunələridir.  Uğurları  ilə seçilən Tapdıq Əlibəyli fitri istedadının bədii inikasını yaradır, poeziyasının sehrli və sirli boyalarından məharətlə istifadə edir, estetik zövqünü, büllurlaşan imzası çoxçalarlı üslubunu formalaşdırır, bu şeirlərdə  poetik nəfəsini tapır və başqa səslərin arasından fərqləndirir.


Ürəyimdən gözlərimə düşən şeh,

Kirpiyimdə yarpaq-yarpaq qırovdu.

İçim qüzey, hər əsəndə xəfif meh,

Çölüm güney, çınqılanan kösövdü.


Ay işığı nur çiləyir gözümə,

Güneyimə düşən işıq üzümdə.

Günəş seli səpilsə də üzümə,

Quzeyimə düşən işıq gözümdə.


Özgəliyim məni məndə göynətdi,

Ağrıları dodaq-dodaq səpildi.

Doğmalığım məni məndə göyərtdi,

Pöhrələri budaq-budaq əkildi.


İki yolun ayrıcına çatmışam,

Biri işıq, biri zülmət-getməli.

Ay doğubdu, günəş kimi batmışam,

Şəfəqlənib dan yerində bitməli.


Yaradıcılıq yolu üslubi təkamülə meyillidir  axtarışları lirik-fəlsəfi sərhədədək yol alır, janrından və bədii yozumundan asılı olmayaraq, bütün əsərlərində zəngin ekspressiv ifadələri tərənnüm edir. Poeziyası ilə musiqi arasında möhkəm bir bağ, güclü vəhdət var - bu, bir sənət dünyasına sığmayan qüdrətli bir ilhamın musiqi ilə səslənən ifadəsidir. Vaxtsız dünyasını dəyişən dünya şöhrətli Yaqub Zurufçu onun qələmindən çıxan “Könül nəğməsi”nə musiqi bəstələmişdi, heyif ömür vəfa qıymadı:


Oğlan:

Nəfəs oldun nəfəsimə,

Həvəs qatdın həvəsimə…

Bir nəğməsən şur səsimə,

Şaqrar-şaqrar oxuyuram.


Qız:

Taleyimə düşən işıq,

Sən dünyama nur, yaraşıq.

İkimiz ki bir naxışıq…

İlmə-ilmə toxuyuram.


Oğlan:

Mən bir arı, sənsə pətək,

Şirinimsən, şanı-baltək…

Qəlb evimdə bitən çiçək,

Ləçək-ləçək qoxuyuram.


Qız:
                 Mən sahiləm, sənsə dəniz,

Ləpələn hey əziz-əziz…

Sevgimizlə xoşbəxtik biz!

Sanki şirin bir yuxuyam…


Tapdıq poeziyasını səslərin təsir gücü, melodiyası, avazı, müxtəlif vasitələrlə bədii idrakın zirvəsinə yüksəldir. Milli şeirimizin təkcə istedadlı yox, həm də daim axtarışda olan şairlərindəndir.  Şeirlərini ilhamının təbii axarında yazır, həyatı şairanə, poetik ifadələrdə duyur, geniş mütaliəsi yaradıcılığına bələdçilik edir. 


İçimdə büdrəyəndə,

Əlimdən yapışdı Söz.

Qəlbimə  söz dəyəndə,

Ruhumda  alışdı Söz.


Düzdəsə sözün düzü,

Sübhədək inləmişəm…

Başıma çəkib Sözü,

Özümü dinləmışəm…


Dövranın yoxmu duzu?

Üzümə  şit - şit baxır…

İçimi sözün  közü,

Özgəni çölüm  yaxır.


Başlanğıcından lirik ovqata köklənib, bəzən sentimental notlarla da yükləndiyinin şahidi oluruq, mətləblər sadəcə müşahidələrinin yekunu yox, fikrin mənaya doğru yönələn istiqamətidir. Poeziyası donmuş rəsm əsəri, an (!) deyil, təkrarlanan zaman - əbədiyyətdir. 


Görən bu dünyanın hansı  yaşından

Rəssam fırçasında danışır rənglər?

Ötüb baharından, ötüb qışından,

Dünyanın üzündə qarışır rənglər.


Ona görə də onun yaradıcılığında, çoxlarından fərqli olaraq, ölüm mövzusu çox az işlənir, ölüm onun üçün yox olmaq deyil,  əməlləri ilə yaşamaqdır. Metafizik düşüncə notlarında qələmə aldığı şeirləri dünya və insanla bağlı mənəviyyatın ifadəsidir. 


Soğan acı olsa da,

Göz yaş ilə dolsa da,

Ölüm qəmli yolsa da,

Məclislərdə var yeri.


Yaxud:

Çoxluğun içində qəbirlər tənha,

Yoxluğun içində səssiz yaşantı.

Bədəndən ayrılıb yaşanan ruha

Dirilər məzarı yurd yeri sandı.


Zamanın dayanıb durduğu məkan,

Adəm övladının axirət evi.

Torpağın qoynuna köçürsə insan,

Nədir bu dünyada torpaqdan ülvi?!


Tapdıq şeirlərində oxucusuna əxlaq dərsi keçmir, əksinə, həyat hadisələri lirik düşüncələrini tamamlayır, pak mənəviyyatı, yüksək mənəvi xüsusiyyətləri obrazlı şəkildə elə təqdim edir ki, hər kəs bu ali məqamdan payını götürə bilir, öz dünyasına qovuşur. Poetik obrazlarında düşüncələrinin gələcəyinə inanır. Yaradıcılığa başlayandan həmkarlarının şeir dünyası, özünə qədər yazılanlar onun üçün mənasız görünmür, demək olar ki, hər birinin imkanlarına, gücünə, istedadına, təqdim etdiyi estetik zövqə  bələddir; yaxşı bilir ki, hər gələn ədəbi nəsil mütləq fərqlənməyə çalışır, rəngarəng poeziyası ilə düşündürür, şeirlərində səslənən fikirlər, deyim tərzi, poetik mətləb, fərqli üslub dövrü üçün yenilik sayıla da, sayılmaya da bilər.

Tapdıq şeirə nəsr təfəkkürü gətirir, amma ideyasını poetik sözə çevirir. Şeirlərindəki bədii çalarlar müəllifinin mövzuya həssas münasibətidir -  fikrinin tamamlanması, yeni düşüncəsinin başlanmasıdır. Tapdığın poeziyasında düşüncə esse, yaxud publisistikanın ortalığında dayanır, özünü  poetik düşüncələrini obrazına çevirə bilir, təhkiyə, motiv, ideya, fikir,  duyğu, qavrayış, anlayış, mühakimə onun özüdür, lakin ünvanları – sən, o, biz, siz və  onlardır! Bu poeziyanın ovqatı və ahəngi zəngin, işığı boldur. Şeirdə bunu etmək çox çətindir, ancaq o,  lirikanın imkanlarını bilən bir söz adamıdır. Ona görə də şeirlərindəki rəngarənglik, deyim tərzi fərqlilik yaradır, üslubi və intellektual özəlliklər bəxş edir, gözəl hisslər, xoş təəssüratlar yaradır: şeirləri oxuduqca düşünür, misraların alt mənalarını anlamağa çalışırsan, bu günümüzə bağlanır, gələcəkdən soraq alır, dünya, həyat haqqında fikirlər yeni, maraqlı məcraya yönəlir. 

Səs selində yüngülləşdim,

Artdı qəlbdə Tanrı eşqim.

Bəlkə, səslə izə düşdüm…

Bu səs mənə tanış gəlir.


Yaxud


“Əziziyəm” mehri, “mən aşıq”  qatı,

Sözümün  simsarı, ruhu, ovqatı.

Dilimin ahəngi  ulu  bayatı

Meracdır söz ilə söz dərgahına.


Şeir düşündürürsə  onu oxumağa dəyər. Şeir iç dünyasıdır – havadır, nəfəsdir. Hekayə də, povest də, hətta roman da yaza bilərdi, onda başqasının taleyi olardı, ancaq  o, özünü yazır. Kamillik dövrünü yaşayır  öz taleyindən başqa onu heç nə təəccübləndirmir!

Təhkiyə və təsvirləri kifayət qədər lirik-psixoloji, duyğusaldır, oxudun – qopa bilmirsən, artıq onun zövqünə köklənirsən, bu kolorit lirik janrların gücüdür. Və sonra Tapdıq Əlibəylinin "Şeirləri müəllifindən ayrı öz taleyini yaşayır" (Ramiz Rövşən).


Nadir Məmmədli,

filologiya elmləri doktoru, professor