EL YADDAŞINDA ABİDƏYƏ DÖNƏN QARXUNLU İSA MÜƏLLİM
19-mar, 16:17 276 Gündəm / Cəmiyyət / Sosialİnsanın xarakterini, həyata baxışını, cəmiyyətdə baş verən proseslərə münasibətini, həyat tərzini özündə əks etdirən elə cizgilər var ki, onun şəxsiyyətini müəyyənləşdirir.
Nur saçan bir məram, məslək yiyəsi-
Deyirlər dünyanın xeyirxah səsi...
Ziyalı amalı, həyat qayəsi
Dönüb abidəyə el yaddaşında.
Ömrə bir şəfəqdir elin rəğbəti,
Sonda qazancımız- bir el rəhməti...
Yaşayır insanlıq, hörmət, izzəti,
Dönüb abidəyə el yaddaşında.
Yurdunda, elində izi qalıbdır,
Dildən-dilə gəzən sözü qalıbdır,
İsa Barxudarov özü qalıbdır -
Dönüb abidəyə el yaddaşında.
“Tərcümeyi - hal” o kəsin yaşantı məqamlarını yox, olsa-olsa rəqəmlərlə onun həyatından bəzi ştrixləri özündə əks etdirə bilir. Lakin bu cansız rəqəmlərin və xülasə-faktın arxasında böyük zəhmət və ömrün enişli-yoxuşlu yolları, bu yolların sevinc və kədəri durur.
İsa müəllim avtobioqrafiyasında yazır: “Mən, Bərxudarov İsa Camal oğlu 1933-cü ildə Ağdaş rayonunun Aşağı Qarxun kəndində anadan olmuşam.
1940-cı ildə Aşağı Qarxun kəndi 7-illik məktəbin I sinfinə daxil olmuş, 1947-ci ildə həmin məktəbin VII sinfini bitirmişəm.
1947-ci ildə Yevlax şəhər, M.F.Axundov adına orta məktəbin VIII sinfinə qəbul olmuşam, 1950-ci ildə həmin məktəbin X sinfini bitirmişəm.
1950-ci ildə Nuxa Dövlət iki illik Müəllimlər İnstitutunun Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə qəbul olmuşam. 1952-ci ildə həmin İnstitutu bitirərək, Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəlim ixtisasına yiyələnmişəm.
1952-1953-cü tədris ilində təyinatla Yevlax rayonu, Yuxarı Qarxun kənd 7 illik məktəbinə göndərilmiş, 1955-ci ilin yanvar ayına qədər həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləmişəm.
1955-ci ilin yanvar ayında Aşağı Qarxun kənd məktəinə dəyişilmiş və 1963-cü ilə qədər həmin məktəbdə əvvəl müəllim,sonra isə Təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişəm.
1957-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun qiyabi şöbəsinin Azərbaycan dili və Ədəbiyyat fakültəsinə qəbul olmuş, 1961-ci ildə həmin fakültəni bitirərək orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris etmək hüququ almışam.
1963-cü ildə tədris işləri üzrə direktor müavinliyindən irəli çəkilərək Ağdaş rayonunun Ərəb-Şəki kənd 8 illik məktəbinə direktor təyin edilmişəm.
1965-ci ildə ailə vəziyyətimlə əlaqədar olaraq Aşağı Qarxun kənd 8 illik məktəbinə dəyişilmişəm. Həmin məktəbdə müəllim, Təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifələrində çalışmışam.
1965-ci ildən 1981-ci ilədək məktəbin nəzdində açılmış “Axşam Kəndli-gənclər” məktəbinə rəhbərlik etmişəm.
Hal-hazırda Yevlax rayonu, Xanlar Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllimi işləyirəm. Məktəbdə Azərbaycan dili və Ədəbiyyat Metodbirləşməsinin rəhbəriyəm.
9 övladım – 6 oğlum, 3 qızım, 24 nəvəm var.
Yeni Azərbaycan Partiyasının üzvüyəm”.
Təpədən dırnağadək vətəninə, xalqına bağlı olan İsa müəllim 22 mart 2021-ci il tarixində əbədiyyətə qovuşub.
El arasında el adamı haqqında belə bir deyim var ki, filankəs qənimət adamdır. Ağsaqqal ucalığında olmuş İsa müəllim özünün şərəfli ömür yolu ilə el yaddaşında bu həqiqəti qazanmış bir şəxsiyyət olaraq səciyyələnir .
Yüksək mədəniyyətə malik, mülayim təbiətli, təvazökar, aydın fikirli, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt bir insan kimi tanınan İsa müəllimə necə deyərlər, Allah hər şeyi öz yerində veribmiş. İsa müəllim özünün nümunəvi əxlaqı, ədalətli mövqeyi ilə şagirdlərinə həmişə nümunə olub.
Ətrafındakılara həyatda nikbin olmağı, çətinliklərdən qorxmamağı, nəzərdə tutulan məqsədə çatmaq üçün əzmlə mübarizə aparmağı aşılayıb.
Böyük yazıçı Çexovun məşhur bir sözü var: “İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də”. Bu fikir sanki İsa müəllimin timsalında deyilib.
İsa müəllim yüksək mədəniyyətə, intellektual səviyyəyə, peşəkarlığa malik olan ləyaqətli şəxsiyyət olaraq gözlərimiz önündə canlanır. Onun xarakterindəki müsbət keyfiyyətlər pedoqoji fəaliyyətinə də təsirsiz ötüşməyib.Vaxtilə dərs dediyi şagirdlər bu gün də İsa müəllimin səmimi şagird-müəllim münasibətlərindən razılıqla danışır. Öz kəndlərində eləcə də ətraf kəndlərdə ağsaqqal kimi böyük nüfuza malik olub.
İsa müəllim təkcə öz nəslinə və el-obasına deyil, ləyaqətlə yaşamağı qarşısına məqsəd qoymuş hər kəsə nümunə olacaq bütöv və kamil, xarekterinda müdriklik və cəsarətin vəhdətdə olduğu bir şəxsiyyətdir.
İsa müəllimin şəxsiyyətini müdriklik və cəsarətin vəhdəti ağsaqqal, ziyalı taleyi fonunda səciyyələndirir.
Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. İsa müəllimin də həyat yoluna onun mənəvi dünyası işıq tutub və nümunəvi xarektirik cəhətləri onun keçdiyi enişli-yoxuşlu yolu müşayiət edir.
Şəxsiyyəti tərbiyə məktəbinə çevrilmiş pedaqoq, el ağsaqqalı İsa müəllimlə bağlı düşüncələrimi uluların təfəkkür məhsulu, söz boxçasının incisi olan “Elin gözü tərəzidir” deyiminin fonunda bölüşmık istərdim. Belə deyirlər ki, şəxsiyyətin miqyasını, onun əhatə dairəsini müəyyən etmək üçün müdrik insanlar universal ölçü vahidi müəyyən edərkən elin gözünü, elin tərəzisini başlıca meyar hesab etmişlər. Belə bir ölçüyə, belə bir meyara uyğun gələn insanlar görkəmli şəxsiyyət və istedad sahibləri kimi qiymərtləndirilmişdir. Tamamilə mübaliğəsiz demək olar ki, həmin şəxsiyyətlərdən biri də məhz İsa Bərxudarovdur.
Müəllim əməyinin möhtəşəmliyini özündə ehtiva edən belə bir obrazlı fikir var: “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!” Bu məntiqlə neçə nəsil İsa müəllimin əsəridir.
Fransız filosofu Oqyüst Kont “Həyatda ən çox güvəndiyim şəxs müəllimdir, çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür” kəlamı ilə müəllimin xalq üçün nə qədər dəyərli olduğunu qeyd edirdi. Filosofun bu parlaq fikrindən doğan qayə bütövlükdə İsa müəllimin həyat yolunu müşayiət edir.
Öz çalışqanlığı və istedadı sayəsində işlədiyi kollektivdə və camaat arasında hörmət qazanmış İsa müəllimin pedaqoji, ictimai fəaliyyəti həmişə böyük rəğbətlə qarşılanmışdır.
İnsanlığı səciyyələndirən belə bir söz var: gözəl insan. Müdriklərdən biri gözəl insanı üç cəhəti ilə xarakterizə edib: zahiri, dili və qəlbi. Bu üçlüyün vəhdəti-insanın zahiri görünüşü, mənəvi aləmi və ünsiyyəti gözəldirsə, demək o insan gözəl insandır. Təbii li, gözəl insan gözəl əməl sahibidir.
Saf əqidə, xoş niyyətli İsa müəllim gözəl əməl sahibi, gözəl insan olaraq yaddaşlarda yaşayır.
Qoca Şərqin təfəkkür aynasında işıqlı şəxsiyyət beş fəzil keyfiyyəti özündə cəmləyir. Bu beş hikmət insanın müdriklik və kamillik məqamını şərtləndirir: elm, ədalət, səxavət, səbir və həya. Elmsiz adam tavansız ev kimidir. Ədalətsizlik-məcrasından çıxmış çay kimidir.
Səxavətsiz insan meyvəsiz ağac kimidir. Səbirsiz olmaq işıqsız lampa kimidir. Həyası olmayan insan duzsuz təam kimidir. Bu hikmət müstəvisində sadalanan insani keyfiyyətlər müdriklik zirvəsinə aparan yoldur ki, İsa müəllimin həyat yolu məhz o mənəvi dəyərlər fövqündədir.
İsa müəllim şagirdlərinə təhsil verməklə yanaşı, həm də şəxsiyyəti, gözəl insanlığı, oz həyat yolu ilə deyərdim ki, onlara bu beş dəyəri- elm, ədalət, səxavət, səbir və həya aşılayıb. Bax, bu cəhət şəxsiyyətin işıqlılığını nişan verir.
Həyatını bütünlüklə pedaqoji işə sərf etmiş İsa müəllim ömrünün piranəlik dövrünə zəngin mənəviyyatı, uğurları və fəal həyat mövqeyi ilə gəlib çatmış və el ağsaqlı məqamına yüksələrək əbədiyyətə qovuşub.
İsa müəllimin həyat yoluna ayna tutan fikirlərdən bir qayə hasil olur ki, o, özünün uzun illərin pedoqoji təcrübəsi ilə bir örnək, yüksək əxlaqi keyfiyyətləri, təşkilatçılıq bacarığı, əldə etdiyi nailiyyətlər, pedaqoqluq fəaliyyəti həyati faktlardır və sübuta ehtiyacı olmayan aksiomdur.
İnamla demək olar ki, el ağsaqqalı olmuş İsa müəllimin keçdiyi həyat yolunun özü bir məktəbdir.
İsa müəllim özünün əbədiyyət ünvanı ilə el yaddaşında abidəyə dönmüşdür. Ehtirsmls, rəhmətlə anırıq. Əbədiyyət ünvanın nurlu olsun, İsa müəllim!
Tapdıq ƏLİBƏYLİ, şair-publıisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.