Ulu öndər Heydər Əliyev Azərbaycanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir


Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın inkişaf strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı istiqamətində məqsədyönlü addımlar atdı.
Bu mərhələdən etibarən ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi prosesi başlandı. Ulu öndərin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi ölkə həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağmı bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi böyük stratejin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünü təsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığmı, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ulu öndərin Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamenta­rizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Parlament iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi.
1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.
Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.
1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Məhz buna görə də tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.

Daxil Kərimov
Bakı şəhəri 21 saylı Notariat Ofisinin Xüsusi Notariusu