BÖYÜK ÖNDƏRİN MÖHTƏŞƏM DÖNÜŞÜ
15-iyn, 13:21 185 Gündəm / Siyasət / Cəmiyyət1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu gün, tarixə "Milli Qurtuluş Günü" kimi daxil oldu. İyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının "məhsulu" kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən, yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: "Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir".
Zəmanəmizin tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu flkri bir qədər də qüvvətləndirmişdir: "XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir".
Ümummilli Lider səviyyəsinə yüksəlmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.
Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur.
Bütün Azərbaycan xalqını “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Elmar Vəliyev
Bakı şəhəri 14 saylı Notariat Ofisinin Xüsusi Notariusu