DOSTUN EŞQİNƏ


Hansı can, dustaq düşər dünyadə dostun eşqinə 

Göz yumar, sir saxlayar çox sadə dostun eşqinə 


Varlığın eylər fəda, öz dostunun bir muyinə 

Hər zaman canbazlığa amadə dostun eşqinə 


Dostunun şiriliyin, verməz bütün aləmlərə 

Baş verib, dərs öyrədər Fəhadə dostun eşqinə 


Dostunun bir dəm vüsalın cənnəti əla bilər 

Cənnəti dost yurdudur, üqbadə dostun eşqinə 


Gün cəmalın vəsf edər, ayinə bəndin əlləri 

Bir qızıl alma dilər, azadə dostun eşqinə 


İstəməz zamin dura bir kimsə dostdan qeyrisi 

Qərqi tufan olsada dəryadə dostun eşqinə 


Dostunun yahusinin eşqində can ahusi var 

Can bağışlar yar deyən səyyadə dostun eşqinə 


Ayrılıq çox bir cətin zad, çəkməyən bilməz yəqin

Bir vəfa, min bir cəfa, dildadə dostun eşqinə 


Dostunun küyin gəzən, sultanlığa əzm eyləməz 

Çevrilər şahlıq verən ustadə dostun eşqinə 


Mən hara, ol dost hara, mur tək Süleyman dərgəhi 

Seyr edib könlüm gələr fəryadə dostun eşqinə 


Eşqi təbliğ eyləməz, aşıq özün eylər fəda 

Dostların möhkəm tutar, mövla də dostun eşqinə 


Eylə bir dostun cəmalın görməyin müştaqiyəm 

Qılsa dostluqdan kərəm, röyadə dostun eşqinə 


Mən yazıq Elman kiməm, yar saldı eşqin bəhrinə 

Çün məhəbbət vergidir, bir badə dostun eşqinə 


Gül Anam vermiş təbərrik, haq camından bir içim 

Mey verən saqi yetər imdadə dostun eşqinə 


O.D.ELMAN






YƏQİN


Ey canı cananım mənim, dərdimdə dərmansan yəqin

Canlarda canan varlığı, can adlı fərmansan yəqin


Kimdir adından məst olub meyxanələrdən çıxmasın

Mey dadlı saqisən özün, eşq içrə imansan yəqin


Bir damla eşqindən sənin hər kim dadıb, əql istəməz

Divanələr m'əşuqisən, həq canlı imansan yəqin


Musayə tur, İsayə nur, İbrahimin can k'əbəsi

Sən Əhmədin can vəhdəti, hökmü Süleymansan yəqin


Mövla adından kayinat zərdən vilayət məstidir

Tutmuş qərarı beylədir, bir doğru peymansan yəqin


Hər dində gəlmişdir adın, tövratü incildən sənəd

Hər anda həqqin mazhəri, həq donda mehmansan yəqin


Mövla deyənlər bəzminin hər dəmdə sənsən istəyi

Rəhmət sənin hökmündədir, həq nuri rəhmansan yəqin


Elman, məhəbbət badəsi həqdən gələn bir töhfədir

Mövlayə olsan mübtəla, doğru müsəlmansan yəqin


O D.ELMAN