Zəfər Gününə həsr olunan “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb
09-noy, 10:49 17 Gündəm / Cəmiyyət“Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclərin iştirakı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Zəfər Gününə həsr olunmuş “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsinə start verilib.
Düşərgənin ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ağcabədi rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Düşərgənin açılış tədbiri Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev çıxış edərək iştirakçıları salamlayıb, düşərgə proqramı haqqında ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin müstəsna rolundan danışaraq bildiriblər ki, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində və Böyük Qayıdış prosesində də gənclərdən gözləntilər böyükdür. Bu cür düşərgələrin keçirilməsinin gəncləri vətənpərvər dəyərlər ətrafında daha da birləşdirərək onların bu prosesdə fəal iştirakını təşviq etməyə xidmət etdiyi vurğulanıb.
Tədbir 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmiş, qəhrəman qazilərlə görüşlə davam edib. “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə davam edən görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən, hərbi-psixoloji hazırılığından, işğaldan azad olunmuş ərazilərə ilk ayaq basdıqlarında yaşadıqları hisslərdən, xalq və ordu birliyindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, 65 nəfərin gəncin iştirakı ilə 4 gün davam edəcək düşərgədə gənclər üçün Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti haqqında infosessiyalar, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, interaktiv təlimlər, eləcə də ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.