Mehriban Əliyeva böyük humanizm, mərhəmət timsalıdır

Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz vaxtilə məşhur bir müsahibəsində demişdi:”Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün  bunlar  mənəviyyata bağlı məsələlərdir. Mənəviyyat hardadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının  Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin,  bu günümüzün, gələcəyimizin dayağıdır”.  Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan   bu dəyərli fikri  müstəqil Azərbaycanın  həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“   Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman  bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı  taleyi bu gün cəmyyəti narahat  edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış  binası tikmişdir. Bu layihə  müstəqil həyata qədəm qoyan qızların  həyatını izləməklə bərabər,  eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi genişəhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur.

Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Onu – qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya can sağlığı, ailə səadəti arzulayırıq.

İlham Qurbanov 
Meyvəçilik və Çayçılıq Elmi-
Tədqiqat İnstitutunun direktoru