İKİ QARABAĞ MÜHARİBƏSİ: ATA ŞAHİD, OĞUL ŞƏHİD

İKİ QARABAĞ  MÜHARİBƏSİ: ATA ŞAHİD, OĞUL ŞƏHİD
Yeni nəsil və gələcək üçün onların həyat yolu, igidlikləri, Vətənə fəda etdikləri gənc ömürləri əsl nümunədir...

Zəmanəmizdə baş verən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının qəhrəmanlıqlarla dolu ömür yolları həm də xalqımızın çağdaş tarixi deməkdir. Bu mənada yeni nəsil və gələcək üçün onların həyat yolu, igidlikləri, Vətənə fəda etdikləri gənc ömürləri əsl nümunədir...
Hər zaman həmyaşıdlarından müsbət mənada seçilərək elinə-obasına faydalar verməyə çalışan Nicat Habil oğluAtayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində dünyaya göz açıb. O, 2000-ci ildə Bakı şəhərinin 200 saylı orta məktəbinə gedib, Gəncə şəhərindəki 55 saylı Kəlbəcər orta məktəbini bitirib.
Orta məktəbi başa vurduqdan sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yolanıb. Hərbi xidmətini Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə keçib. 2013-cü ildə hərbi xidməti başa vuraraq geri qayıdıb, ali təhsil almaq üçün ciddi şəkildə universitetə hazırlaşıb. Bir ildən sonra Gəncə Dövlət Universtetinin Fiziki hazırlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra sənədlərini toplayaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müraciət edib. 2019-cu ildə üç aylıq zabitlik kursunu keçdikdən sonra təyinatı Füzuli rayonundakı “N” saylı hərbi hissəyə verilib.
Leytenant Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında saxladığı ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömrü və döyüş yolu qısa olan Nicat Atayev Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. O, döyüşlərdə öndə gedənlərdən biri kimi tanınırdı.
2020-ci ilin 27 sentyabr müharibəsinin ilk şəhidlərindən biri də Nicat Habil oğlu Atayev olmuşdur. Bakıda II Fəxri xiyabanda dəfn olunan Nicat Atayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
İgid döyüşçünün təltifi yalnız bundan ibarət deyil. O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 oktyabr 2020-ci il tarixli sərəncamına əsasən "İgidliyə görə", 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə şərəfləndirilib.
Nicatın atası, polis mayoru və Birinci Qarabağ müharibəsinin qazisi Habil Atayev deyir:“Mən özüm də 25 il dövlətimizə, Vətənimə layiqincə xidmət etmişəm. Oğlum Nicat da özü könüllü seçdi bu şərəfli ömür yolunu. Mən özüm də, qardaşım da müharibə veteranıyıq. Nəslimizin altı şəhidi var. Ağır döyüşlərdə iştirak etdiyimi evdə danışırdım, canımı Vətənimə, doğma torpaqlarıma qurban etdiyimi həmişə övladlarıma da aşılayırdım. Hər kəsi inandırırdım ki, haqq bizim tərəfimizdə olduğuna görə vaxt gələcək,doğma torpaqlarımız geri alınacaq, yağı düşməndən azad ediləcək.
2020-ci il sentyabrın 27-si günü gəldi, qisas anı yetişdi. Vətən uğrunda döyüşlərdə vuruşaraq şəhidlik məqamına ucalmaq mənim özümə yox, o müqəddəslik sevimli övladıma qismət oldu. Döyüş ərəfəsində birinci sahəni bunların dəstəsi keçib, ikinci sahədə də hamıdan öndə Nicat gedib. Döyüş zamanı yaralananların ikisini çıxarıb. Minadan təmizləmə üçün zirehli maşını idarə edən sürücünü düşmən tərəfi snayperlə vurub. Həmin yaralını Nicat gedib çıxarıb, kənara gətirib təhvil vermək istəyəndə yolda özü də minaya düşüb, həlak olub. Oğlum Nicat Vətən yolunda şəhid olub.  Vətən sağ olsun...”
İKİ QARABAĞ  MÜHARİBƏSİ: ATA ŞAHİD, OĞUL ŞƏHİD
Nicatın anası Rəsmiyyə Əhmədova isə şəhid oğlunun döyüş yollarını sanki birnəfəsə gedir. Ona elə gəlir ki, oğlunun köməyinə çatacaq. Lakin ana  eləcə yana-yana və bir az da qürurla danışır:“...Bu gün oğlumun döyüşçü yoldaşları onun qəhrəmanlığından danışırlar. Onlar söyləyirlər ki, Atayev hər zaman öndə gedirdi, həm də qorxmurdu. Ayın 26-sı gecə saat 10-da mənə zəng vurub dedi: “Ana, nə var-nə yox, neyniyirsiz?” Sonra atasını, qardaşlarını soruşdu. Səsi çox gur gəlirdi. Danışandan sonra elə bil ürəyimdə kədərli bir hiss oyandı. Sanki Allah mənə dedi ki, bu, sənin övladınla sonuncu danışığındır. Doğrudan da, bir qədər keçmiş oğlum qəhrəmancasına şəhid olub. Bəlkə də bizi Allah ona görə yaradıb ki, qəhrəmanların  anası olaraq torpaqlarımızın azad edilməsinə, Vətənimizin bütövləşməsinə xeyrimiz dəysin. Hər bir anaya da belə bir igid övlad böyütmək nəsib olmur. Tez-tez həmdərdlilərimə səslənirəm: şəhid anaları, ağlamayın, biz qəhrəmanlar anasıyıq. Mən o zaman ağlayardım ki, övladım Vətən uğrunda müharibənin döyüşlərindən qaçıb gizlənsin. Oğlum Nicat əsl qəhrəmandır, mən onunla fəxr edirəm...
Nicatın qardaşı Ülvi Atayev deyir ki, Nicatdöyüşlər başlamamışdan on gün əvvəl bir həftəlik məzuniyyətə gəlmişdi: “...Özünə saat almışdı. Bakıdan qayıtdı. Sabahısı gün Füzuliyə gedəndə saatı mənim qoluma taxıb dedi ki, bu saatı verirəm sənə, məndən yadigar saxla. Əgər müharibə başlasa, döyüşlərdən sağ-salamat çıxsam, saatı geri götürəcəm. Torpaq uğrunda şəhid olsam, bunu məndən yadigar olaraq özündə saxlayarsan. Şəhid olmamışdan əvvəl mənə dedi ki, hər şey ola bilər, hər şeyə hazır ol. Məndən sonra evdə sənsən. Çalış yoxluğumu hiss etdirmə. Nicat sanki şəhid olacağını əvvəlcədən bilirdi, amma onu bizə hiss etdirmirdi. Şəhid qardaşı kimi onunla fəxr edirəm…”
Şəhid Nicat Atayev əsgərlərinə deyirmiş: “Siz geri çəkilin, mənim evdə iki qardaşım var. Şəhid olsam, ailədə məni əvəzləyəcək oğullar var...”
Belə işıqlı fikirlərlə şəhadətə yüksəlmişdi. Deyirlər ki, Nicat maşın həvəskarı idi. Bu səbəbdən də bankdan kredit götürmüşdü. Həmin pulla Bakıya gəlmişdi ki, özünə maşın alsın. Birdən fikrindən dönüb pulu xalasına verib deyib ki, “şəhid olsam, bu pulu evdəkilərə verərsiniz, qoy onunla məclisimi yola salsınlar – ehsanımı versinlər"...
Şəhidlik uca bir zirvədir, hər kəsə nəsib olmur... Vətən qarşısında, el üçün bu müqəddəs borcu ödəməkdən ötrü igidlərimizi Allah seçib, əbədiyyət cənnəti üçün ayırıb onları. Adi ölüm olsaydı, bu, onların ata və anaları üçün çox çətin və əzablı olardı. Valideynlər minbir əziyyətlə böyütdükləri övladlarına inanır, sonsuz arzularla, işıqlı xoşbəxt gələcəyini gözləyirlər. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, saf əqidə olur. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə alırlar.
Şəhidlər ölməz, heç vaxt unudulmaz! İllər keçəcək, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcək. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə əbədi yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhadəti ilə bizə böyük Qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Ömür dediyin
çox vəfasızdı.
Göz qırpımında
tez ötüb keçir.
Ölüm dediyin
çox amansızdı.
Nə yaşlıya baxır,
nə cavan seçir.

Bir il bundan öncə
hələ sağ idi.
Arzusunu,
mənimlə bölərdi Nicat.
Bu fani dünyada
Deyib-gülərdi,
Kədər qismətindən
xəbərsiz Nicat.

Ürəyim, nə olub,
intizardasan.
Nicat, Nicat deyə
soraqlardasan.
Füzuli uğrunda
gedən döyüşdə
Dedilər, Nicatım,
sən vurulmusan.

Əziz qardaşların
Nihadla Ülvi
Sənsiz necə yaşar
bu fani ömrü?!
Dağ çəkib sinəmə
verdilər zülmü.
Ömrünü bizə
pay verən Nicat.

Əbədi dünyaya
hay verən Nicat.
Əbədi dünyaya
hay verən Nicat.




Cəmilə ÇİÇƏK
Tədqiqatçı jurnalist
Prezident təqaüdçüsü