“Danışır Bakı!”
06-noy, 08:35 26 Maraqlı1926-cı il 6 noyabr tarixində Bakıda radiostansiya istismara verilib.
“Qafqazinfo” xəbər verir ki, həmin gün Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi səslənib.
Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun da yaranma günü kimi qeyd olunmağa başlayıb.
1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş verib. 2016-cı ildə isə daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçid baş verib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə də teleradio fəaliyyət göstərir.
Həmçinin, ötən il oktyabrın 21-də Azərbaycan Beynəlxalq Radiosu Qarabağda fəaliyyətə başlayıb.
Qeyd edək ki, bu gün ümumrespublika üzrə yerüstü yayımlanan 12 telekanal, 16 radio, 7 regional telekanal və 3 regional radio, Naxçıvanda isə 1 telekanal fəaliyyət göstərir. Ölkədə ümumilikdə 5 televiziya peyk vasitəsilə, 15 telekanal isə elektron platformada (Yutub) yayımlanır.