Bir ev, iki ünvan: Azərbaycanda illərin problemi həll olur?
14-yan, 17:58 4 Cəmiyyət
"Bizim yaşadığımız mənzillərin real ünvanları ilə çıxarışdakı ünvanları bir-birini tamamlamalıdır. O çıxarışa əsasən, bizim şəxsiyyət vəsiqəmizdəki məlumatlar da biri-birinə uyğun gəlməlidir. Çıxarışa əsasən, abonent kodundakı ünvanlar da yenilənməlidir və ümumi olaraq bir müstəviyə gətirilməlidir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında ekspert Rauf Ağamirzəyev deyib.

O bildirib ki, bu məlumatların dünyanın qlobal xəritə sisteminə inteqrasiyası vacibdir:
"Bu yöndə işlər görülür. Yəni "Google Maps"ə inteqrasiya olunacaq yenilənmiş küçələrdən söhbət gedir. Həmçinin dövlət orqanlarının saytlarındakı ünvanlarla binaların önündəki ünvanlar eynilik təşkil etməlidir. Yəni sinxronlaşma baş verməlidir.
27 noyabr 2008-ci il tarixli Prezident Fərmanı ilə "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" təsdiq edilib. Aradan 18 il keçməsinə baxmayaraq, ünvan məsələsində hələ də ciddi uyğunsuzluqlar mövcuddur.
Çox güman ki, bu il ərzində həm tətbiq, həm də sayt yenilənəcək. Amma bununla yanaşı, Milli Məkan İnformasiya Sistemi qurulur. Böyük ehtimal ki, aidiyyəti məkanların bir platformada yığılması təmin olunacaq. Yəni burada məsələni bir çox mərhələlər üzrə bölsək, görərik ki, hər bir qurumun üzərinə öhdəlik düşür. Əgər bu sistem vahid ünvan reyestri ilə tam inteqrasiya olunarsa, illərdir mövcud olan bir çox problemin köklü həlli mümkün ola bilər".
Ekspert əlavə edib ki, ilkin olaraq prosesi eyni müstəviyə gətirməliyik:
"Həm dövlət prosesi icra etməlidir, həm də vətəndaşlar özləri maraqlı olmalıdırlar ki, yaşadığı ünvanlar reallıqla üst-üstə düşsün. Çünki bu addım zaman qənaətinə gətirib çıxaracaq. Prosesin koordinasiyalı icrası sonda əlavə əsəb sərf etmədən, demək olar ki, dəqiq ünvanlarla insanları yönləndirməyə imkan yaradacaq".
R.Ağamirzəyev sonda qeyd edib ki, ünvanların doğru olması səfər müddətinə birbaşa təsir edir:
"Əgər ünvanlar fərqli platformalarda fərqlidirsə, bu da istiqamətlənməyə, gedəcəyimiz məkana çatmağa birbaşa təsir göstərir. Ünvanlar bir müstəvidə olanda artıq insan səfərini düzgün planlayır və əlavə vaxt sərf etmədən lazımi ünvana çatır. Sözügedən məsələ həm ictimai nəqliyyatla edilən səfərlərdə, həm də sifariş verdiyimiz çatdırmalarda, taksi sifarişlərində və ya fərqli nəqliyyat vasitələri ilə səfərlərdə də özünü göstərir".
Məhərrəm Əliyev





