“Atlant”ın rəhbəri vəfat etdi
20-noy, 10:35 12 Cəmiyyət
Nabranda yerləşən və bir neçə gün öncə müsadirə edilən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
“Qafqazinfo” “Bizim.media”ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
Xatırladaq ki, 4 gün əvvəl Tahir Qədəşovun kürəkəni, “Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədova hökm oxunub. N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum olunub. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.
İstirahət mərkəzinin həm də şəriki olan Nofəl Hacıyev vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırmaqda ittiham olunurdu. O isə bu işdə qayınatasını ittiham edirdi.





