ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
20-noy, 11:01 12 Cəmiyyət
“Veysəloğlu Şirkətlər Qrupu”na (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafata layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiyaları üzrə təltif edilib.
Ölkəmizdə ilk dəfə təşkil olunan forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaq və biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq olub.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, “Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə təltif edilməsi şirkətin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi istiqamətində fəaliyyətinin qiymətləndirilməsinin göstəricisidir. Şirkət sosial məsuliyyət prinsiplərinə əsaslanaraq müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına inteqrasiyasına və qadınların məşğulluğunun təşviqinə xüsusi önəm verir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir.





