Zəfər tarixinin salnaməsi yaradılır
01-noy, 11:18 163 Gündəm / CəmiyyətAMEA-nın Ədəbiyyat İnstitutunda “Qarabağ: qələbəmizin kreativ tarixi” kitabının təqdimat mərasimi və ictimai dinləmə keçirilib
Qarabağ Zəfərinin iki ili tamam olmasına saylı günlər qalır. Ötən müddət ərzində şanlı Qələbəmizin müəllifi, erməni vandalizminə canı-qanı ilə cavab verən igid, cəsur qəhrəmanların keçdiyi qısa, lakin şərəfli döyüş və Zəfər yolu haqqında dünya çapında belə qəbul edilən elmi-ədəbi-bədii tədbirlər silsilə xarakter aldı. Bununla belə ictimaiyyətin bu Zəfərdəki rolu və bundan sonra üzərimizə düşən vətəndaşlıq borcu ilə bağlı fikirlər KİV-lərin və QHT-lərin mövzularına, layihələrinə çevrilib. Zəfər tariximizin öyrənilməsində və təbliğində bundan sonra görüləcək işlərin heç də az olmadığı vurğulanıb.
QHT.az xəbər verir ki, Oktyabrın 31-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Konfrans Zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən ikiaylıq “Qarabağ Zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” adlı layihə çərçivəsində işıq üzü görmüş “Qarabağ: qələbəmizin kreativ tarixi” elmi-kütləvi kitabının, eyni zamanda genişləndirilmiş www.zekaishiginda.az saytının təqdimat mərasimi və ictimai dinləmə keçirildi.
Tədbiri "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, şair, tədqiqatçı-alim Cəmilə Çiçək İsbəndiyarova açaraq tanınmış ziyalıları, şəhid ailələrinin nümayəndələrini, hərbiçiləri, QHT sədrlərini və media əməkdaşlarını salamladı. Onun təklifi ilə Ümummilli Lider Heydər Əliyev başda olmaqla, Azərbaycan dövlətçiliyinin və torpaqlarımızın qorunmasında xidmətləri olanların, eləcə də hər iki Qarabağ müharibəsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Cəmilə Çiçək İsbəndiyarova bildirdi ki, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ Zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” adlı ikiaylıq layihə fəaliyyətləri çərçivəsində bu tədbiri həyata keçirilir.
Daha sonra o, hər zaman ictimai təsisatlara böyük diqqət ayırdığına, QHT-lər və vətəndaş cəmiyyətinin inkişafına xüsusi qayğı göstərdiyinə, dəyərlərimizə xüsusi önəm verdiyinə görə, II Qarabağ müharibəsini Zəfərlə başa vurmaqda misilsiz xidmətləri olanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda, milli-mədəni dəyərlərimizin hamisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin silahlı qüvvələrimizə xüsusi minnətdarlığını çatdırdı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevaya layihəyə verdikləri dəstəyə, elmi-kütləvi kitabının nəşrinə, saytın yenilənməsinə göstərdikləri köməkliklərə görə xüsusi minnətdarlığı ünvanlayan C.İsbəndiyarova tədbiri aparmaq üçün sözü YYSİB sədri, tabnınmış yazıçı-kulturoloq Aydın Xan Əbilova verdi.
Tədbirin aparıcısı bildirdi ki, layihə icraçıları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilərək uzun müddət əsarətdə saxlanmasından sonra 44 günlük möhtəşəm Vətən müharibəsi zamanı Müzəffər Ordumuz tərəfindən azad olunaraq bərpa işləri başlanmasına ideoloji-estetik dəstək verməyə çalışıblar.
Böyük turistik imkanlara, kreativ sənaye potensialına malik yeni Qarabağın Qalibiyyət tarixinin elmi-humanitar tədqiqatlara cəlb olunması,daha sonra müqayisəli öyrənilməsi istiqamətində araşdırmaların məntiqi nəticəsi kimi bu qədim bölgənin türk dünyasının çağdaş intellektual və humanitar düşüncə texnologiyasına - modern estetik və incəsənət, klassik və müasir üslubda yaradılması vacib ədəbiyyat, publisitika, poeziya nümunələrinə çevrilərək Azərbaycançılıq ideologiyasına xidmət etməli, eyni zamanda milli-vətənpərlik dəyərlərinin tərkib hissəsinə çevrilməlidir.
O da bildirildi ki, post-müharibə dövrdə Qarabağın beynəlxalq incəsənət, kreativ məkan olaraq dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Layihə bu istiqamətlərdə tədqiqatları və təcrübələri birləşdirməklə real və virtual təbliğat, tanıtım, şəbəkələşmə alətlərindən, texnologiyalarından, modellərindən yararlanmaqla, Qarabağın Zəfər mərkəzi kimi təbliğinə yönəlib. Eyni vaxtda, Azərbaycanımızın türk dünyasında, türksoylu ölkələrdə, eləcə də Avropa və dünyada nüfuzunun daha da artmasına çalışılıb. Bu istiqamətdə yaradıcı insanları, tədqiqatçıları, alim, jurnalist və bloqqerlərin, Azərbaycan və Türk diaspor fəallarını, kreativ gənclərin, İnternet istifadəçilərinin, əslən Qarabağdan olan tanınmış şəxslərinestetik imkanlarını, potensiallarını birləşdirmək nəzərdə tutulmuşdu.
“Qarabağ Zəfəri” ədəbi mühitin formalaşdırılmasına təkan verəcək, qələbəyə aid yeni ədəbiyyat nümunələrinin yazılmasına həvəsləndirəcək, bölgənin mədəniyyətinə həsr olunmuş elmi-kütləvi yazılardan ibarət kağız kitabın çapı, yayımı, onların elektron variantının yayımı, İnternet vasitəsi ilə bu virtual-vizual məhsulların ardıcıl nümayişi, sosial şəbəkələrdə layihəyə həsr olunmuş səhifənin yaradılması və fəaliyyətinin təşkili və başqa fəaliyyət növləri ilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yönəlib.
Tədbirdə söz alan YAP Binəqədi rayon ərazi ilk partiya təşkilatının sədri, Qarabağ-Kəlbəcərin adət-ənənəsinin, xeyir-şər məclislərinin, şair-yazıçılarının unudulmaması ilə bağlı dəyərli kitablar müəllifi, təşkilatın eksperti, şair-publisist Adil Həmid layihənin nəticəsi ilə bağlı məlumatları iştirakçılarla bölüşdü.
Məclisdə iştirak edən tanınmış alimlər, qələm adamları, jurnalistlər Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş, gəncliyini, sağlamlığını fəda etmiş şəxslər haqqında ürək sözlərini söylədilər, təşkilat və layihəni, eləcə də təqdimatı keçirilən toplunu yüksək dəyərləndirdilər.
Söz alan tədbir iştirakçılarından şəhid zabit Rasim Abdullayevin həmkarı Ədalət Yusifov, filoloq-alim Elçin İsmayılov, flologiya üzrə fəlsəfə doktoru Kəlbəcər ədəbi muhiti ilə bağlı əsərlərin müəllifi, publisist İlham Məmmədli, texnika üzrə elmlər doktoru Cəsarət Camalov, şəhid Həsən Abdullayevin atası Aydın Abdullayev, şəhid Daşqının valdeyni Hidayət Şəfiyev, şəhid Azər Mikayılovun qardaşı Etibar Mikayılov və başqaları Qarabağ Zəfəri haqqında fikirlərini bölüşdülər, görülən işləri yüksək qiymətləndirdilər
Gənc alim Cəsarət Camalov bildirdi ki, Qarabağdakı son savaşın qızıl salnaməsini mədəni irsə çevirmək, qalibiyyət tarixinin tədqiqi, onun estetik söz sənəti formalarında - klassik və modern ədəbiyyat, poeziya və folklor məkanı olaraq dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Sadalanan istiqamətlərdə peşəkar alimlərin tədqiqatlarına, elm və sənət adamlarının yaradıcılıq potensiallarının birləşdirilməsinə, ədəbiyyat və poeziya həvəskarlarının marağının cəmləməsinə, ölkəmizin və onun hüdudlarından kənarda yaşayan intellektual yaradıcı şəxslərin şəbəkələşməsinə real, həmçinin virtual kömək olacaq fəaliyyətlərin həyata keçirilməsi aktual məsələ olaraq ortaya çıxır. Bu amillər həm də Qarabağın kreativ turizm məkanı kimi dünyada tanıdılmasına xidmət edə bilər. Qarabağdakı Zəfərimiz çağdaş tariximizin yeni intibah dövrünə, fərqli mərhələsinə çevrilməsini kreativ-intellektual formalarda yeni nəslin nümayəndələrinə və dünya ictimaiyyətinə tanıdılmasına ehtiyac duyulur.
Tədbirdə milli-mənəvi dəyərlərimizin yaşadaraq gələcək nəsillərə ötürmək istiqamətində fəallıqlar göstərən şəxslərə təşkilatın ənənəvi “MİLLİ ZƏKA” diplomu təqdim edildi. Bu dəfə Təhsil sahəsindəki peşəkarlığına, pedaqoji uğurlarına, ictimai fəallığına, təşkilatda aktiv fəaliyyətinə görə, Kəlbəcər rayonu 37 № tam orta məktəbin musiqi müəllimi və dərnək rəhbəri İlhamə Tələt qızı Əliyeva, eləcə də dərslərindəki uğurlarına, ictimai fəallığına, təşkilatda və layihədə aktiv fəaliyyətinə görə, həmin məktəbin "XI c" sinif şagirdi Mirxanım Zamin qızı Cavadlı diploma layiq görüldü.
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı-jurnalist Cəmilə Çiçək İsbəndiyarova təqdimat iştirakçılarına dəyərli fikirlərinə, çıxışlarına görə təşkilatın üzvləri adından minnətdarlığını çatdırdı.
Redaksiya