Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
01-apr, 14:23 28 Gündəm / CəmiyyətQərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur.Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Şikayət edən I kurs tələbəsi bildirib ki, onlara dövlət tərəfindən ödəniş zamanı "borc yarandığı" bildirilib və tələbələrdən siyahıda adlarının qarşısında qeyd olunan məbləği ödəmələri tələb olunub.
"Mən dövlət sifarişi ilə təhsil alıram, qanunvericiliyə uyğun olaraq tam ödənişsiz oxumalıyam. Amma indi məndən tələb olunan pulu ödəmək məcburiyyəti yaradıblar. Deyirlər ki, əks halda imtahanlara buraxılmayacağıq. Hətta qruplarımıza da bildiriş göndərilib", - deyə şikayətçi tələbə bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
"Sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq. Məlumat üçün bildiririk ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir. Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz", - deyə məlumatda vurğulanıb.





