MOSKVA ŞƏHƏRİNDƏ HÜQUQ MÜHAFİZƏ ORQANLARI İLƏ GÖRÜŞ – ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN RƏHBƏRİ İSMAYIL ZALOV VƏ BAŞ PROKURORLUĞUN POLKOVNİKİ MƏMMƏD ƏLİYEVİN PRİNSİPİAL MÖVQEYİ

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən görüşlərdə Azərbaycan Respublikasının hüquq mühafizə sistemi ilə bağlı yüksək səviyyəli müzakirələr aparılmışdır.

Görüşlərdə ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov və Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Kembrinc Universitetinin doktorantı Məmməd Əliyev iştirak etmiş, hüquqi əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə və beynəlxalq hüquqi mexanizmlərin təkmilləşdirilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirmişlər.

Xüsusi olaraq Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti, son illərdə əldə etdiyi nəticələr və cəmiyyətə verdiyi töhfələr vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu qurumun fəaliyyəti yalnız hüquqi mexanizm deyil, eyni zamanda vətəndaşların ədalətə olan inamının simvoludur.

Korrupsiyaya qarşı mübarizədə əldə olunan uğurlar vətəndaş məmnuniyyətinin artmasına və dövlətə olan etimadın güclənməsinə xidmət edir. Prokurorluq orqanlarının fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş, şəffaflıq, operativlik və obyektivlik prinsiplərinə əsaslanmışdır.

İsmayıl Zalov vurğulamışdır ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir və nəticələr beynəlxalq ictimaiyyət tərəfindən izlənilir:

“Hüquqi dövlət yalnız qanunların mövcudluğu ilə deyil, onların ədalətli və qətiyyətli tətbiqi ilə ölçülür. Azərbaycan bu istiqamətdə güclü və etibarlı hüquqi model formalaşdırır.”

O, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini və təcrübə mübadiləsinin effektivliyi artırdığını qeyd etmişdir.

Məmməd Əliyev qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmır, eyni zamanda qabaqlayıcı mexanizmlərin gücləndirilməsi, hüquqi maarifləndirmə və dövlət institutlarında maksimum şəffaflığın təmin olunmasını tələb edir:

“Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi artıq regionda nümunəvi və effektiv model kimi çıxış edir. Onun fəaliyyəti konkret nəticələr və vətəndaşların artan məmnunluğu ilə ölçülür.”

Görüşdə Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qanunun aliliyi və hüquqi xidmətlərin səviyyəsinin yüksəlməsi xüsusi vurğulanmışdır.

Sonda qeyd olunmuşdur ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində prinsipial mövqeyini qətiyyətlə qoruyur və əməkdaşlığı davam etdirməyə hazırdır.