Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
29-iyn, 21:02 8 Gündəm / Sosial
Əgər bu məlumat öz təsdiqini taparsa, söhbət təkcə şəhərsalma qaydalarının deyil, həm də insanların həyat və sağlamlığının ciddi təhlükə altına atılmasından gedir. İctimai nəqliyyat dayanacağı hər hansı sahibkarın istəyi ilə yerini dəyişə biləcək tikili deyil. Onun yerləşdirilməsi, köçürülməsi və ya ləğvi aidiyyəti dövlət qurumlarının razılığı və təhlükəsizlik tələbləri əsasında həyata keçirilməlidir.
Avtobus dayanacaqları minlərlə insanın hər gün istifadə etdiyi ictimai infrastruktur elementidir. Yaşlılar, məktəblilər, tələbələr, əlilliyi olan şəxslər və digər sərnişinlər məhz bu dayanacaqlarda avtobus gözləyirlər. Dayanacağın avtomobil yoluna yaxınlaşdırılması isə sərnişinlərin nəqliyyatın intensiv hərəkəti ilə üz-üzə qalmasına, qəza riskinin artmasına və faciəvi nəticələrə səbəb ola bilər.
Məlum olduğu kimi, paytaxtda ictimai nəqliyyat infrastrukturunun təşkili və dayanacaqların yerləşdirilməsi müvafiq qaydalar əsasında həyata keçirilir. Heç bir fiziki və ya hüquqi şəxs öz maraqlarına uyğun olaraq dayanacağın yerini dəyişmək səlahiyyətinə malik deyil. Belə bir addım yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə və aidiyyəti qurumların qərarı ilə mümkün ola bilər.
Ən ciddi suallardan biri də budur: əgər doğrudan da dayanacağın yeri qanunsuz şəkildə dəyişdirilibsə, buna kim və ya kimlər göz yumub? Müvafiq nəzarət mexanizmləri niyə vaxtında işə düşməyib? Şəxsi biznes marağı naminə ictimai təhlükəsizliyin arxa plana keçirilməsi hüquqi dövlət prinsipləri ilə qətiyyən uzlaşmır.
Sakinlərin narazılığı da tamamilə başadüşüləndir. Çünki söhbət onların hər gün istifadə etdikləri dayanacaqdan və təhlükəsiz hərəkət hüququndan gedir. Bir sahibkarın obyektini bir neçə metr böyütmək istəyi yüzlərlə insanın təhlükəsizliyindən üstün tutula bilməz.
Ümid edirik ki, məsələ aidiyyəti dövlət qurumları tərəfindən operativ şəkildə araşdırılacaq, səsləndirilən iddialara hüquqi qiymət veriləcək və qanun pozuntusu aşkar edilərsə, məsul şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək. İctimai maraqlar, vətəndaşların təhlükəsizliyi və qanunun aliliyi hər bir şəxsi maraqdan üstün olmalıdır. Əks halda bu gün bir dayanacağın yeri dəyişdirilərsə, sabah başqa ictimai obyektlərin də eyni aqibətlə üzləşməsi təhlükəsi yaranacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məsələ diqqətimizdədir.







