Tənha günlərim


Şəhid Xəyalın anasının acı həsrəti sətirlərdə


Tənhalıqdan yaman bezib ürəyim,

Sənsiz yaşamağım incidir məni.

Gördüyün yuxular yalan olaydı,

Həsrətin üzdükcə hey didir məni.


Ömrümün günəşi sönübdür daha,

Sənsiz zülmət gecəm belimi bükür.

Kədərdən, qüssədən qurtarmır yaxa.

Həsrətin ovduqca bağrımı sökür.


Qaldın ürəyimin dərinliyində,

Getdiyin yollardan qayıtmaz oldun.

Ən ağır, sağalmaz yarayla getdin,

Dönüb bayatıya qəlbimə doldun.


Sənsizlik qəlbimə zülüm, əzabdı,

Qüssədən, kədərdən gülə bilmirəm.

Indi öz - özümə tənha qalmışam,

Gözümün yaşını silə bilmirəm.


Sən mənim qəlbimə elə dağ çəkdin,

Bağladı yolumu duman, çən balam.

Bütün xəyallarım sənə bağlıdır,

Unuda bilmirəm, səni mən balam!..


05.03.2021.