Narahatlıq hiss etdikdə hərəkəti dayandırın!


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər.

“Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmalıdır.

Eyni zamanda, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq məsləhət görülür.

Sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırırıq”, - məlumatda vurğulanıb.