Mehriban Əliyeva yüksək təşkilatçı, bacarıqlı idarəçidir
25-avq, 13:45 103 Gündəm / Siyasət«Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!»
MEHRİBAN ƏLİYEVA
Düşünürəm ki, Mehriban Əliyevanın irimiqyaslı fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri - layihələri, proqramları bir məqalədə nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Əslində bu cəsarət milli dəyərlərə yeni ənənələr qazandıran, xalqa xidmət edən şəxsiyyətə sonsuz sayğılarımızı bildirmək istəyimizdən irəli gəlir. Xalq el üçün yanan, millətin balalarından yana, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona ehtiramını bildirir. Mehriban Əliyeva böyük mənada xalqın elçisidir. Təbii ki, Onun işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq Onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Bu, əsillikdir. Əsillik də, nəcabət də ailədən - kökdən, nəsildən gəlir. Yüksək mədəniyyətin, ziyalılığın, kübarlığın mayası gendən, damarlarda axan qandan yaranır. Bunların birgəliyi qeyd etdiyimiz keyfiyyətlərin qəhrəmanımızda olduğunu aşkar edir. Bu doğallıq Azərbaycanın birinci - bir inci xanımı Mehriban Əliyevanın timsalında, ailədə ağıllı qadın və həyat yoldaşı, məsləkdaş, ana kimi, ölkənin Birinci xanımının şəxsiyyətində böyük məna kəsb edir. Ana adına, haqqına sahib olaraq ailə-cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək qadın üçün böyük şərəfdir. Mənsub olduğun xalqın mənəvi anası, dayağı, ümid yeri olmaq daha məsuliyyətli, daha şərəflidir. Necə böyük ürəyə sahib olasan ki, Tanrının sənə həvalə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, mərdanə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq vətən və xalq üçün çalışmaların yeni yollarını arayasan...
Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, Birinci xanım statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi. Burda Mehriban xanımın bu şərəfli ada münasibətini bildirdiyi açıqlamasındakı bir fikrini xatırlamaya bilmirəm: “Mən Birinci xanım olmağımı, ilk növbədə insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”...
Məlumdur ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyev və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü, qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. Xalqla hakimiyyətin birliyi Azərbaycanın gələcəyinin qarantıdır.
Mehriban Əliyevanın işgüzar həyatı sanki baharda səhərçağı yaz yağışından sonra doğan günəşin şəfəqlərində özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə - müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları görmək olduqca xoşdur.
Mehriban Əliyeva bütün hallarda - xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci timsalında Birinci xanımdır...
Kollektivimiz adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, ailə səadəti, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
Üzeyir İsmayılov
Vətənpərvər insan, xeyriyyəçi iş adamı