GENERAL SƏRDAR İSRAFİLOV - 77 🌿
12-okt, 15:57 117 Gündəm / Cəmiyyət12 oktyabr - el yaddaşında abidəyə dönən işıqlı şəxsiyyət, unudulmaz dostum general Sərdar Qurban oğlu İsrafilovun (1946 - 2007) doğum günüdür.
Müstəqilliyimizin bərpasının ilk illərində ordu quruculuğu sahəsində, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin çağdaş dövlətçilik məfkurə təməlində formalaşması, inkişaf etməsi, nüfuzunun artmasında tarixi xidmətləri olmuş və gənclərin hərbi vətənpərvərlik tərbiyə işində yorulmaz fəaliyyət göstərmiş ictimai, hərbi xadim, general-mayor Sərdar İsrafilovun ruhuna, sağlığında ithaf etdiyim “Odlar diyarının general oğlu” məqamında ehtiramla, rəhmətlə salam olsun. Ruhun şad olsun, cənab General!
Odlar diyarının general oğlu,
İsrafil nəslinin pöhrəsi, qolu,
Tale qismətindir mətinlik yolu,
Sərdar İsrafilov, cənab general.
Neçə sınaqlardan üzüağ çıxdın,
Dostu sevindirdin, düşməni yaxdın.
Namərdlər önündə şimşəktək çaxdın,
Sərdar İsrafilov, cənab general.
Qayəsi nur olan millət sevgisi,
Ucaldar, sevdirər duyan hər kəsi.
Dilindən düşməyir Vətən kəlməsi,
Sərdar İsrafilov, cənab general.
Doğmatək hər kəsə istiqanlısan,
Nə şöhrət ararsan, nə ucuz ad-san.
Beləcə məğrursan, bax necə varsan,
Sərdar İsrafilov, cənab general.
Sərtliyi kövrəldir həlim duyğular,
Şair təbiətli gözəllik duyar.
Ülvilik qəlbləri nura boyayar,
Sərdar İsrafilov, cənab general.
(Şeir, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin 80 illik yubileyi şərəfinə keçirilən mərasim-ziyafətdə deyilib.)
Tapdıq ƏLİBƏYLİ