AZƏRBAYCANIN GƏLƏCƏK ÜFÜQLƏRİ
04-apr, 12:00 94 Gündəm2 aprel tarixində UNEC Rus İqtisad Məktəbində “İnkişaf dinamizmi: yeni ideyalar ətrafında mülahizələr” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) prorektor Cəfər Eyvazov, Rus iqtisad məktəbinin direktoru, professor Mənsur Bərxudarov, direktor müavini Anar Eyyubov, Türk dünyası iqtisad fakültəsinin dekanı, prof., dr. Mehmet Yüce, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov və dosenti Pərviz Səmədov, Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təmsil ediblər. Qonaq qismində ünlü ziyalılardan “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmaçı-publisist, hərbi jurnalist Şəmistan Nəzirli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəqani Məmmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, tarixçi alim Vaqif Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqalları Birliyi İdarə Heyətinin üzvü, şair-publisist, Prezident təqaüdçüsü Tapdıq Əlibəyli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist Hikmət İslamoğlu iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor Mənsur müəllim görüşün məqsədinin bu ilin əvvəlində ölkə başçısı, prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə cəmiyyətə verdiyi mesajların müzakirəsi, onun ziyayılar qarşısında qoyduğu məsələlərin müzakirəsi olduğunu bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev cənabları müsahibəsində uzun illər Azərbaycan xalqını bir yumruq kimi birləşdirən bir müqəddəs missiyanın – işğal olunmuş ərazilərimizin azad olunmasına nail olunduğunu, orada genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğuladı və bu prizmadan yeni şərtlərdə geosiyasi sarsıntılar yaşayan dünyada Azərbaycanın hansı yolu seçəcəyini, hansı ideyalar, amalları rəhbər tutaraq addımlayacağının ümdə bir məsələ kimi qabardıraq bu işdə Azərbaycan alimlərini, ziyayılarını aktiv olmağa səslədi. Tədbirin təşkilatçısı bu mövzu ətrafında ziyayılarımızı öz fikirlərini sərbəst şəkildə ifadə etməyə dəvət edib.
Professor Fuad Məmmədov bu aktual məsələ ilə bağlı belə bir görüşün təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirərək, XXI əsrdə Azərbaycanın sürətlə dəyişən, hazırkı xaoslu dünyada özünü qorumaq, inkişaf etməsi üçün cəmiyyətdə, idarəetmədə kulturoloji təhlilin vacibliyini vurğulayıb. Digər sahələrlə bahəm xüsusən elm və təhsili də özündə ehtiva edən mədəniyyət konsepsiyasını hazırladığını və müvafiq qurumlara təqdim edən Fuad müəllim Simurq quşunun timsalında intellektual mədəniyyətlə və milli-mənəvi dəyərlər kimi qoşa qanadlarsız cəmiyyətin kəskin rəqabət qabiliyyətli müasir dünyada məğlubolma təhlükəsindən danışıb.
Professorun təhsilin roluna dair fikirlərinə dəstək olaraq, Şəmistan Nəzirli ulu öndər Heydər Əliyevin Azərbaycanda hərbi təhsilin inkişafı üçün mübarizəsindən bəhs etdi. Onilliklər əvvəl başladılan bu işin mahiyyətini o vaxt dərk etməyənlər, son Qarabağ müharibəsindəki parlaq Zəfərimizdən sonra Ümummilli liderin uzaqgörənliyinə bir daha heyran olduqlarını bildirib.
Şair-publisist Tapdıq Əlibəyli, tədqiqatçı-jurnalist Hikmət İslamoğlu, beynəlxalq münasibətlər üzrə mütəxəssis olaraq çıxış edən Pərviz Səmədov türkçülük, Turan dünyası ideyası üzərində dayanaraq, bu dünyanın yolunun bu və ya digər formada Zəngəzurdan, Qərbi Azərbaycandan keçdiyini ön plana çəkiblər. Hərbi meydanda tam məğlub olan erməni radikal millətçiliyi və onun havadarları ilə informasiya mübarizəsində gənclərin milli-vətənpərvər ruhda tərbiyə edilməsinin əhəmiyyətindən bəhs ediblər.
Türk dünyası iqtisad fakültəsinin dekanı, professor Mehmet Yüce Azərbaycanın bir çox parametrlər üzrə türk dünyasının flaqmanı olduğunu, bunun dayanıqlığı və inkişaf dinamizmliyin təmin etmək üçün bir neçə istiqamətlər üzrə konkret təkliflərlə çıxış etdi: iqtisadi sahədə, yerliözünüidarəetmə, hüquq müstəvisində açar məqamları qeyd etmişdir.
Maraqlı müzakirənin yekunu olaraq Mənsur müəllim yerli xüsusiyyətləri nəzərə alaraq, Azərbaycanın gələcək üfüqlərini bəlli edən ideya olaraq Yaponiyanın modelindın faydalanmağın zəruriyyətindən bəhs etmişdir: yəni texnoloji, intellektual cəmiyyətin formalaşması üçün təhsil və elmə xüsusi, konseptual əsaslarla diqqət, parallel olaraq milli-mənəvi dəyərlərin bir tərəfdən türkçülük, digər tərəfdən, multikulturalizm əsasında cəmiyyətə aşılanması, “İnkişaf etmiş, tolerant Azərbaycan” olaraq dünyanın mütərəqqi dövlətləri arasında laqiqli yer tutması. Bu yanaşmanın ayrı-ayrı sahələr üzrə, sistemli elementlərinin işlənməsi ilə ortaya qoyulmasının vacibliyindın danışan Mənsur müəllim bu məsələdə Fuad müəllimin irəli sürdüyü konsepsiyanı yüksək qiymətləndirib.Sonda bütün tədbir iştirakçılarına UNEC-ə gəlib dəyərli fikirlərini bölüşdükləri üçün minnətdarlıq bildirilərək, bu istiqamətdə görüşlərin keçirilməsi vacibliyi vurğulanmışdır.