Raquf Orucovun əziz xatirəsinə...


Kubra Məhərrəmova yazır...
Elə günlər olur ki, adamın içinə bir çarəsizlik, bir kimsəsizlik düşür. Elə bilirsən ki, sanki nəyisə dəyişə bilərdin, amma təəssüf ki, bunu etməyə gücün çatmır. Və hönkürtü ilə ağlamaqdan başqa çarən qalmır. 
Düz 8 il əvvəl ilk dəfə olaraq uzun illərdən sonra Bakı şəhərinin mərkəzi küçələrindən başlayaraq şəhər kənarına qədər eyvanlar, pəncərələr üçrəngli bayrağımıza büründü. Sanki hər kəsin evində məhz bu gün üçün hazırlanmış, xəlvəti saxladığı bayraq var idi.
O zamana qədər bizim uşaqlığımızda ancaq qara bayraqlar asılardı eyvanlardan, çünki hər gün ardı-arası kəsilmədən gənc şəhidlərin cənazəsi gətirilərdi Bakıya. Bizim evimiz də Təzəpir məscidinin yaxınlığında olduğu üçün hər gün belə mənzərə ilə rastlaşar, ana-bacıların ah-naləsini az qala hər gün eşidərdik... Çarəsizlik içində hər gün daha çox batardıq. 
Bəs 8 il əvvəl aprel ayının əvvəllərində üçrəngli bayrağımızın eyvan və pəncərələrdən asılmasının səbəbi nə idi?
Səbəb isə o idi ki, aprel döyüşləri, ya da dörd günlük müharibə başlamışdı. Xalq bu döyüşə, bu müharibəyə tamarzı idi. Şəhidlərin olduğuna baxmayaraq, hər kəs anlayırdı ki, tez ya gec bu müharibə olmalıdır ki, düşmənin cavabını versin bu xalq. Hər kəs can verməyə və can almağa hazır idi. Heç kəs də, yaxasını kənara çəkmirdi. 
2016-cı ilin aprelin birindən ikisinə keçən gecə başlanan döyüşlərin finalı əslində 2020-ci ilin sentyabrı hesab oluna bilər. Çünki 4 günlük müharibə 44 günlük müharibəyə çevrildi. Amma 2016-cı ildə bunu hələ heç kəs bilmirdi. 
Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da Azərbaycan ordusu sahədə, Azərbaycan dövləti isə masada əlini bərkitdi. Ən böyük hadisə isə ermənilərin uydurduğu keçilməz müdafiə sədləri ilə bağlı idi. Düşmənin illər ərzində yaratdığı o mif və döyüş meydanındakı mövqelər bir gecədə darmadağın edildi. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. 
Təbii ki, biz də itki verdik. Candan can getdi... Bayrağa bükülmüş tabutlar torpağa, bayraqlar isə atalara tapşırıldı. 
Bu gün 4 aprel düz 8 il əvvəl biz həm də “Murov qartalı” Raquf Orucovu itirdik. 
İlk dəfə idi ki, milyonlarla ürək eyni cür kədərlənib, eyni cür heyifsilənirdi. Çünki fərqində olan hər kəs anlayırdı ki, Raquf eldən getdi. O, mükəmməl kəşfiyyatçı, Qarabağı əlinin içi kimi tanıyan, əzmkar və dözümlü döyüşçü, üstəlik əsgərlərinə böyük qardaş, ata kimi sevən, qayğısına qalan komandir idi. 
Aprelin beşi “Murov qartalı”nı Vətən torpağına tapşırdılar. O izdiham hələ də gözümün önündədir. 
Raqufun döyüş əməliyyatları, komandirliyi, qəhrəmanlığı haqqında çox danışmaq olar. Amma bu dəfə mövzu bu deyil. 
Qısa xülasə verim ki, birinci Qarabağ savaşı başlayanda Raquf Orucov Özbəkistanda hərbi qulluqda idi. Xəbəri eşidər-eşitməz Qarabağa, birbaşa doğulduğu Ağdamın Cinli kəndinə gəlir. Allahverdi Bağırovun batalyonuna qoşulur. Döyüşlərdə iştirak edir.  
Qardaşları ilə birlikdə döyüşən Raqufun bəlkə də ən ağır günü anasını itirməsi olur. Şahidlərin dediyinə görə Raya ana elə ən çox Raqufu sevərmiş. Raquf da anasına bir başqa cür bağlı olubmuş. Müharibə amansızdır,  bir də o sənin ananı əlindən alırsa... Artıq şərhə ehtiyac qalmır...
Raya ana da, ermənilərin gülləsinə tuş gəlir. Günahsız, sivil, sakin Raya ana döyüş mövqeyində olan övladlarına yemək apararkən, həlak olur. Raya ananın nəşi qalır atəş zolağında. Abdalgülablı uğrunda gedən döyüşlərdə iştirak edən Raquf, xəbəri eşidən kimi özünü çatdırır. Və gecə təkbaşına anasının cənazəsini atəş zolağından çıxarıb gətirir. Raya ana Çullu kəndində dəfn olunur.  
Bir həftə sonra Cinli kəndi, daha sonra isə Ağdam işğal olunur. Komandirin el-obası da, anasının məzarı da qalır işğal altında. 
Komandirin qəhrəmanlığı, döyüşlərdə göstərdiyi şücaəti hər kəs bilir. Bəs görəsən onun ən gizli, ən ümdə, ən uca arzusunu nə qədər adam bilir?  
“Murov qartal”ı kəşfiyyatçı idi. Gizlincə bizim həsrət qaldığımız obaların-ellərin üzərindən qartal kimi uçurdu. Özü də elə uçurdu ki, nə düşmənin canlı qüvvəsi, nə də hərbi texnikası bunu hiss etmirdi. Heç bir hava hücumundan müdafiə sistemi “Murov qartalı”nı sezə bilmirdi. Bəlkə də, Qarabağın yeri-göyü elə özü qoruyurdu onu. 
Raquf Orucov anasının məzarı itməsin deyə, ara-sıra gizlincə Çulluya baş çəkər və nişanələr qoyardı. Nişanələri ona görə qoyardı ki, bir gün anasının məzarını tapa bilsin, ya da bilsinlər. 
Bəlkə də, biz nə vaxtsa pessimizmə qapılanda, işğalda olan torpaqlarımıza qovuşa biləcəyimizə şübhə edəndə komandir heç vaxt buna şübhə etməyib. 
Bəlkə də, yağışlı günlərin birində, keçilməz Ağdam yollarında kəşfiyyata gedən komandir bu şübhələri kənardan sezib, anlayıb. Amma heç vaxt təslim olmayıb. Nə qəlbindən silməyib anasının məzarını, nə də torpağa imkan verməyib ki, məzarı udsun. Yaxınlarına da bu nişanələri bildirib.
2021-ci ilin may ayında - 28 il sonra komandirin yaxınları Raya ananın məzarına asanlıqla tapırlar. Çox təəssüf ki, “Murov qartalı”na anasının məzarını ziyarət etmək bir daha qismət olmur. 
Ağırdır, kədərlidir, acıdır...
Dünyada çox müharibələr olub, var və olacaq. İnsanlığın xislətidir müharibə. 
Amma bir gün dönəcəyinə bu qədər inanan ikinci xalq olmayıb tarixdə. 
Gör bir insan bu arzuya nə qədər inanmalıdır ki, düşmən nəzarətində olan anasının məzarını işarələsin və əmin olsun ki, bir gün ora qayıdacaq. 
Ruhun şad olsun, komandir! Bu gün şəhidlik zirvəsinə ucalmağından 8 il keçir. Bu gün silahdaşların, əsgərlərin Ağdama da qayıtdılar, Xankəndiyə də, bütün və bütöv Qarabağa da. 
Bu gün Azərbaycanın üçrəngli bayrağı Azərbaycanın hər yüksəkliyində, hər dərəsində dalğalanır. 
Bu bayrağın ucala biləcəyi iki müqəddəs məqam var. Bir aydın səma, bir də şəhid tabutu. Bu gündən sonra Allah bu bayrağa daha şəhid tabutunu qucaqlamağı nəsib etməsin. Qoy elə aydın səmalarda ucalsın. Bir də illər boyu nigaran qalan Raya ananın məzarının başında keşik çəksin. Çünki bu bayrağın ucalması üçün oğlu Raquf Orucov gözünü qırpmadan özünü qurban verdi.