Metropolitenin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissəsi satılıb? (AÇIQLAMA)
14-avq, 18:46 47 Gündəm"Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissənin satıldığı deyilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, artıq ərazidə QSC-nin işçilərinin sağlamlığı üçün nəzərdə tutulan müalicəvi mərkəzlər sökülüb. Satılan ərazidə ümumilikdə iki 4 mərtəbəli bina və digər tikililərin söküldüyü deyilir.
Halbuki sözügedən binalarda 40 ilə yaxın işçilərin müalicəsi üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanı, Naftalan və parafin müalicəsi, inhalayasiyanın bütün növləri, impulsiv masaj, müalicəvi idman, ultra səs müayinəsi və su ilə müalicə məqsədi ilə istifadə olunub.
Hazırda "Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzində işçilərin müalicəsi üçün deyil, yalnız yaşayışları nəzərdə tutulur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Qaynarinfo-nun sorğusuna belə cavab verilib:
"İki 4 mərtəbəli binanın sökülməsi ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata cavab olaraq bildiririk ki, adıkeçən istirahət ərazisində iki deyil, bir dördmərtəbəli "Sanatoriya-profilaktoriya" korpusu sökülüb. 1980-ci ildən istismar olunan bina müasir tələblərə cavab vermədiyi üçün "Bakı Metropoliteni" QSC rəhbərliyi tərəfindən həmin binanın müayinəsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutuna müraciət edilib.
QSC-nin Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya" binasının instrumental-texniki müayinəsinə dair tərtib edilib, texniki hesabata əsasən adıkeçən tikili istismara tam yararsız olaraq qiymətləndirilib və binanın söküntüsü həyata keçirilib.
Ərazinin satılması məsələsinə gəlincə "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bilgəh Sağlamlıq Mərkəzinin yerləşdiyi ərazi də daxil olmaqla, Bakı metropoliteni obyektlərinin yerləşdiyi bütün torpaq sahələri dövlətin mülkiyyətidir və ölkə Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti çıxış edir.
Bu məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün rəsmiləşdirmə prosedurları həyata keçirildikdən sonra "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, Nazirlər Kabineti "Bakı Metropoliteni" QSC-nin balansında olan daşınmaz əmlakın bir qisminin balansdan silinməsinə razılıq verilməsi barədə" 12.06.2023-cü tarixli Sərəncamı ilə cəmiyyətin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya” binasının müəssisənin balansından silinməsinə razılıq verilib".
Əhməd