Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi

edamdan-sag-cixan-krista-bir-hefte-sonra-ozune-geldi
ABŞ-nin Tennessi ştatında ölümcül iynə ilə edam edilən 50 yaşlı Krista Payk sağ qalıb. Təxminən bir həftə reanimasiyada müalicə aldıqdan sonra özünə gələn Paykın danışmağa başladığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, Paykın vəkilləri onun sağalmasını “tibbi baxımdan misli görünməmiş” adlandırıblar.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li ilin sonuna qədər planlaşdırılan digər edamları dayandırıb.
Edam zamanı Payka yüksək dozada pentobarbital vurulub. O, həyat əlamətləri göstərdikdən sonra xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər dərmanın orqanizmdən çıxarılması üçün müalicə aparıblar.
İlkin mərhələdə pentobarbitalın Paykın zehni qabiliyyətlərinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıq yaranıb. Vəkillər onun qarşısında uzunmüddətli sağalma dövrünün olduğunu bildiriblər. Payk müalicə zamanı qandallı saxlanılıb.
Payk 1995-ci ildə Kollin Slemmeri öldürməkdə təqsirli bilinib və 1996-cı ildə ölüm hökmünə məhkum edilib.
Onun hüquq komandası uşaqlıqda zorakılıq və cinsi istismara məruz qaldığını, həmçinin məhkəmə prosesində lazımi hüquqi müdafiə almadığını iddia edib. Hüquqi müdaxilələr səbəbindən edamı bir neçə dəfə təxirə salınıb. Lakin Tennessi Baş Prokurorluğunun ABŞ Ali Məhkəməsinə müraciətindən sonra hökm icra olunub.
Krista Payk 200 ildən çox müddətdə Tennessi ştatında edam edilməli olan ilk qadın olub. Onun edamdan sağ çıxmasından sonra ştatın həbsxana direktoru vəzifəsindən istefa verib.