Mərkəzi Bank faiz dərəcəsini aşağı salacaq? (ŞƏRH)

"Həm dünyada, həm də Azərbaycanda baş verən prosesləri və inflyasiyanın yüksəlmə trendini nəzərə alsaq, mümkündür ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salmasın. Yəni, ehtimal var ki, növbəti toplantıda uçot dərəcəsi azaldılmasın".      
    Bunu Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının aprelin 2-də faiz dəhlizinin parametrləri ilə bağlı verəcəyi qərarı şərh edərkən bildirib. 
    
             Onun sözlərinə görə, ümumi gözlənti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılmasıdır:
    
             "Amma mümkündür ki, bu qərar növbəti iclaslara saxlanılsın. Ümumiyyətlə, Mərkəzi Bankın uçot dərəcəsi Azərbaycan iqtisadiyyatına çox məhdud təsir göstərir. Faiz dərəcələrinin kredit faizlərinə və daxili makroiqtisadi göstəricilərə təsiri zəifdir. Təəssüf ki, reallıq budur".
     
    
        
    
             Ekspert hesab edir ki, Mərkəzi Bankın əlində olan bu mühüm alət iqtisadiyyata daha güclü təsir etməlidir:
    
             "Bunun üçün isə iqtisadiyyat daha çoxşaxəli və mürəkkəb modelə keçməlidir. Mövcud şəraitdə isə belə bir ehtimal da var ki, bu iclasda faiz dərəcəsi ümumiyyətlə dəyişdirilməsin".
    
             Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı aprelin 2-də faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. Qurumdan bildirilib ki, qərar proqnozlaşdırılan və faktiki inflyasiya göstəriciləri, eləcə də aparılan makroiqtisadi təhlillərin nəticələri əsasında qəbul ediləcək. 
    
             Bahar Rüstəmli