Müharibə əlilinin sosial hüquqlarının bərpası ilə bağlı açıq müraciəti


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Hörmətli Anar Əliyev cənablarına

Müraciət

Hörmətli cənab nazir,

Mən, Quliyev Arif Vaqif oğlu, 01 iyun 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıyam və Sumqayıt şəhərində yaşayıram. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsində iştirak etmiş və 1991-ci ildə döyüşlər zamanı ağır hərbi travma almışam.

Həmin dövrdə aldığım zədə nəticəsində mənə qapalı kəllə-beyin travması diaqnozu qoyulmuşdur. Sonrakı tibbi müayinələr nəticəsində isə müəyyən edilmişdir:

Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyət dəyişkənliyi və davranış pozuntuları.

Uzun illər müalicə almama baxmayaraq, yaddaş pozuntusu, şəxsiyyət və davranış pozuntuları və digər ağırlaşmalar gündəlik həyatımı ciddi çətinləşdirir. Yaşım artdıqca bu problemlər daha da ağırlaşır və mütəmadi tibbi nəzarət və müalicə tələb edir.

Əvvəllər mənə əlillik dərəcəsi təyin edilmiş və müvafiq sosial təminat verilmişdir. Lakin son qiymətləndirmə nəticəsində mənə təyin olunmuş əlillik statusu dayandırılmışdır. Halbuki sağlamlıq vəziyyətim dəyişməmiş, əksinə daha da ağırlaşmışdır. Bu qərar həm mənim, həm də ailəmin sosial vəziyyətini çox ağır vəziyyətə salmışdır.

Hazırda mən şəkər xəstəliyindən də əziyyət çəkirəm və daimi tibbi nəzarətə ehtiyacım vardır.

Ailəmizin vəziyyəti də çox ağırdır. Həyat yoldaşım Hümbətəliyeva Elnarə Sabir qızı əsəb xəstəliyi səbəbindən II qrup əlildir. Oğlum Quliyev Amil Arif oğlu da eyni xəstəlik səbəbindən II qrup əlildir və daimi müalicəyə ehtiyacı vardır. Beləliklə ailəmizdə üç nəfər əmək qabiliyyəti məhdud şəxs var və ailənin əsas dolanışıq yükü mənim üzərimdədir.

Ailəmiz həm də Vətən uğrunda böyük itkilər vermiş bir ailədir. Babam İsrafilov Ayaz 1945-ci ildə İkinci Dünya müharibəsində döyüşlər zamanı itkin düşmüşdür. Qardaşım Quliyev Şaiq Vaqif oğlu isə Birinci Qarabağ müharibəsində 4 il döyüşmüş, 1994-cü ildə yaralandıqdan sonra itkin düşmüş və 1996-cı ildə ona şəhid-itkin statusu verilmişdir.

Mən uzun illər Cəbrayıl şəhər məktəbində tar müəllimi kimi çalışmış, gənclərin milli ruhda tərbiyəsi üçün fəaliyyət göstərmişəm. Eyni zamanda dövlətçilik prinsiplərinə sadiq qalaraq uzun illər Cəbrayıl-Qubadlı 120 saylı seçki dairəsinin 37 saylı məntəqəsində katib kimi fəaliyyət göstərmişəm və dövlətimizə xidmət etməyə

davam edirəm.

Hörmətli cənab nazir, mənim sağlamlıq vəziyyətim, ailəmin ağır sosial vəziyyəti və aldığım hərbi travmalar nəzərə alınmadan əlillik statusumun dayandırılması mənə çox ağır mənəvi zərbə vurmuşdur. Bu qərar məni dərin psixoloji gərginlik vəziyyətinə salmış və bəzən məni intihar həddinə çatdırmışdır.

Mən Vətən uğrunda sağlamlığını itirmiş bir vətəndaş kimi Sizdən xahiş edirəm ki, müraciətimə diqqət yetirəsiniz və səhhətim, ailəmin ağır vəziyyəti və müharibə nəticəsində aldığım travmalar nəzərə alınaraq mənə təyin olunmuş əlillik statusunun və sosial təminatın yenidən bərpa olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən göstərdiyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.


Hörmətlə,

Quliyev Arif Vaqif oğlu

01.06.1968

Ünvan: Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, mənzil 12

Tel: 055 568 36 68