Hacınski və Səlimxanovların kolleksiyaçı yadigarı: “Anam qırxa yaxın paketi açıb dadına baxmışdı”


Azərbaycan süfrəsini çaysız təsəvvür etmək qeyri-mümkündür. Min bir dərdin dərmanı olan çay şirin söhbətlərə nərdivan, ailələrə şirin təməl, kolleksionerlər üçün isə qürur mənbəyidir.  
Oxu.Az-ın budəfəki müsahibinin özü də, kolleksiyası da çox maraqlıdır - 76 yaşlı Xanım Hacınskaya İsa bəy Hacınskinin nəvəsidir. Həmin o Hacınskinin ki, zaman dəyişsə də, nəsillər bir-birini əvəz etsə də, unudulmur.

İçərişəhərdə yalnız öz ad-sanı, əməlləri ilə deyil, bütövlükdə soykökü, şəcərəsi ilə xatırlanan məşhur nəsillərdən biri Səlimxanovlar, digəri isə Hacınskilər olub. Bu iki nəslin gəncləri ailə həyatı qurmaqla öz soyköklərini daha da möhkəmləndiriblər.
Müxtəlif ölkələrə aid 450 növ çaydan kolleksiya toplayan Xanım Hacınskaya bu xəzinəni ərsəyə gətirməyin asan olmadığını deyir:
“Biz əsilli-nəsilli ailələr olmuşuq. Hacınskilər nəslinin davamçısıyam. Özüm 1946-cı ildə Bakıda anadan olmuşam. Anam isə Səlimxanovlar nəslindən idi. Atam 50 yaşında vəfat edəndə mənim yeddi yaşım var idi. Doqquzuncu sinfə qədər orta məktəbi oxudum, sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil oldum. Daha sonra Mirzağa Əliyev adına İncəsənət İnstitutuna qəbul olundum. Təhsilimi bitirdikdən sonra Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanada, sonra isə köhnə “Kibernetik”, hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutuna işə qəbul olundum. Artıq 53 ildir ki, burada baş mütəxəssis kimi çalışıram. 70 minlik kitabxana fondum var”.

1976-cı ildən çay kolleksiyası yığmağa başlayan Xanım Hacınskaya ailə qurması səbəbilə ölkəni müvəqqəti tərk etməli olur:
“Uşaq yaşlarımdan bu kolleksiyanı toplayıram. Mən gec ailə qurmuşam, o vaxta qədər də kolleksiya toplayırdım. Artıq bir müddət sonra iş yoldaşlarımdan, qohumlardan kim hansı ölkəyə gedirdisə, mənə çay alıb gətirirdi. 1990-cı ildə ailə həyatı qurub Özbəkistana getdim. Dörd uşağa analıq etmişəm. Kolleksiya toplaya bilmədim. Anam xəstələnəndə Vətənə qayıtdım. Amma təəssüf ki, tezliklə o dünyasını dəyişdi. Anam vəfat edənə qədər kolleksiyamda olan çaylardan 40-a yaxın paketi açıb dadına baxmışdı. Halal xoşu olsun. Hazırda kolleksiyamda 400-450-yə yaxın çay var”.

Müsahibimizin, eyni zamanda, sabunlardan, əntiq əşyalardan ibarət kiçik kolleksiyaları da var. Qoruyub-saxladığı əşyalarla bağlı gözəl xatirələrinin olduğunu deyən Xanım Hacınskaya kolleksiyasında 1928-ci ilə aid çayların da olduğunu deyir:
“Müxtəlif illərə - 1975-ci il, 1980-ci illərə - aid çaylar var ki, mən onların dadını belə, bilmirəm. Kolleksiyama aid olan çayların heç birini açmamışam. Gürcüstandan, eləcə də Hindistandan gətirilən qozlu çay var. Hansı ətrə, dada malik olduqlarını üzərindəki yazılardan bilmək olar”.

Çayların qablaşdırılması da çox maraqlıdır. Eləsi var ki, kolleksiya sahibi deməsə, heç çay olduğunu bilməzsən. Bəzisi miniatür samovarı, bəzisi isə divar saatını xatırladır.
Ümumiyyətlə, çay mədəniyyətini Avropaya 17-ci əsrin ortalarında portuqaliyalılar, hollandlar və ingilislər Çindən gətiriblər. Ölkəmizdə isə 1896-cı ildən Lənkəranda çay kolları əkilib. İlk Azərbaycan çayının satışa çıxarılması isə 1937-ci ilə təsadüf edir.
Kolleksiyadan əlavə, kiçik dəm çaynikləri də diqqətimizi çəkir. Boy sırası ilə düzülmələrinə baxmayaraq, eyni konsepsiya və ya çay dəstinə aid deyillər, sadəcə, mükəmməl bir təsadüf belə mənzərəni ortaya qoyub.
Bakıda ilk bulvarı salan İsa bəy Hacınskinin nəvəsi olan Xanım Hacınskaya deyir ki, şəhərin iki böyük ailəsi - Səlimxanovlar və Hacınskilərin yadigarı kimi öz sahəsində dövlət üçün əlindən gələni edib, etməyə də davam edir:
“Anamın atasının evi İçərişəhərdə yerləşir. Böyük qardaşım Kamal Hacınski Bakıda vəzifədə çalışıb. Təəssüf ki, çox erkən, 32 yaşında vəfat edib. Yoldaşım özü də Özbəkistanda vəzifədə olub”.
Söz sözü çəkir və söhbət Bakıdakı bir neçə tarixi binadan düşür.
Məlum olur ki, Bakıda Qasımbəy hamamı kimi tanınan bina Xanım Hacınskayanın ana babasına, yəni Səlimxanovlar nəslinə aid olub. Daha sonralar orada aptek fəaliyyət göstərib.
Xanım Hacınskaya danışır ki, İsa bəy Əbdülsalam bəy oğlu Hacınski 1860-cı ildə Bakıda anadan olub. Milyonçu İsa bəy dörd uşaq atası olub. O, özü ev təhsili almasına baxmayaraq, şahidlərin yazdıqlarına görə, çox savadlı bir insan imiş, ərəb, fars, ingilis, fransız və alman dillərini bilirmiş. İsa bəy övladlarına da yaxşı təhsil verib, özü də uzun müddət Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub. Atasından ona bir neçə mülk və böyük torpaq sahələri miras qalıb. Həmin sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cu ildə şəxsi neft şirkətini yaradıb. Bir neçə il ərzində Hacınskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi yarım milyon puda çatır. Bibiheybətdə zəngin neft mədənləri olan İsa bəy Hacınski neft maqnatına çevrilir. Çələkən yarımadası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. Qaraşəhərdə isə İsa bəyin kerosin zavodu fəaliyyət göstərirdi.

Ümumiyyətlə, bünövrədən zəngin olan Hacınskilərin şəhərin bir neçə yerində mülkləri olub. Onlardan ən əzəmətlisi “Hacınskinin evi” kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən tarixi binadır.
Xanım Hacınskaya deyir ki, İsa bəy Hacınski xalq arasında Bakıya ilk avtomobil gətirən şəxs kimi tanınırdı:
“Neft milyonçusu Bakı bulvarının salınmasında önəmli şəxslərdən olub. Deyilənə görə, o zaman ilk bulvar sahəsi indiki Kukla Teatrının binasından “Azneft”in binasına qədər olan sahəni əhatə edib. O vaxt Bakı Kişi gimnaziyası kimi fəaliyyət göstərən binada bu gün Bakının 4 saylı şəhər xəstəxanası yerləşir. İsa bəy Hacınski 1919-cu ilin yanvar ayında vəfat edib”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli