Milli Qəhrəman Elxan Zülfüqarovun - Doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elxan Qaçay oğlu Zülfüqarovun doğum gündür.
QHT.az xəbər verir ki, o, 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olub.
1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin səkkizinci sinfini bitirib, sonra 1 saylı Yevlax şəhər orta məktəbində təhsilini başa vurub.
Elxan Mingəçevir Politexnik Texnikumunu bitirib, Rusiya Federasiyasının Novosibirsk şəhərində milis şöbəsində işləyib. "Milis əlaçısı" döş nişanına layiq görülür, milis baş leytenantı rütbəsi alır. Elxan qürbətdə ermənilərin ölkəmizə hücum xəbərini eşidib, Azərbaycana gəlir. 1992-ci ildə Milli Ordu sıralarına daxil olub, bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində döyüşür, 42 əməliyyatda iştirak edib, kapitan rütbəsinə, daha sonra “N” saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə layiq görülür. Erməni, rus dillərini mükəmməl bildiyinə görə kəşfiyyatlara göndərilir.
Milis kapitanı Elxan 1994-cü ildə yenidən kəşfiyyata gedir, 19 kəndi erməni yaraqlılarından təmizləyir, hərbi sursatlar və silahlar ələ keçirir. 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olur, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Onun fədakarlığını heç vaxt unutmarıq, həyatının hər anında onunla fəxr etdiyimizi hiss edirik. Elxan kimi oğulların, şəhidlərin şücaətini, vətənpərvərliyini, fədakarlığını xatırlayıb, bizə qoyub getdiyi dəyərləri yaşatacağımıza söz veririk.

Ruhuna dualar oxuyuruq, Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı