Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub
23-iyl, 11:20 114 Gündəm / SiyasətAZƏRTAC-a istinadən Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.
Geniş oxucu kütləsinə malik newsday.ge portalında rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülhün bərqərar olması barədə fikirlərindən sitat gətirilir: Sitatda deyilir: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir”.
Forumla bağlı materialda isə qeyd olunur ki, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçirilir. Eyni zamanda, tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumun iştirakı barədə məlumat verilir.
Ölkənin ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.
Materialda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, ötən ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış saziş uğurla həyata keçirilir. Artıq tədqiqat işlərinə başlanılıb”.
Telekanalın yaydığı digər məlumatda isə Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya Federasiyası arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə fikirləri oxucuların və dinləyicilərin diqqətinə çatdırılıb.
Materialda deyilir ki, ötən ilin fevralında imzalanmış bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir və bu sənəd əməkdaşlığın dərinləşməsinə yönəlib.
Qafqazturk.com portalı Azərbaycan Prezidentinin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixi barədə məlumat yayıb. Bildirilir ki, ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salınıb. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər”.
Prezident İlham Əliyevin çıxışına istinadla yayılan digər materialda isə deyilir: “Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik”.
“Mən onu demişdim – hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.
Portalda Şuşa Media Forumu barədə də məlumat yayılıb. Bildirilir ki, forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.
24news.ge portalında rus dilində yayılan materialda və eyni zamanda video-süjetdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən Şuşa Qlobal Forumu barədə məlumat verilir.
Portalın yaydığı digər materialda isə Prezident İlham Əliyevin Xocalının işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfəri barədə məlumat verilir.
Aktual.ge portalında yayımlanan materialda isə Prezident İlham Əliyevin Cənubi Qafqazın inkişafı ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır: “Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır”.
İnterpress.ge saytında da Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı və Azərbaycan ilə Rusiya arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə məlumat verilir.
Qeyd edək ki, ümumilikdə Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin forumundakı çıxışında söylədiyi mühüm tarixi fikirlər barədə 15-dən çox material yayımlanıb.
Kavkasia.net informasiya agentliyinin Azərbaycan Prezidentinə istinadən yaydığı materialda isə deyilir: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməli, davamlı sülhə nail olmalı və təhlükəsizliyi təmin etməliyik”.
Eyni zamanda, agentli forum barədə də oxuculara məlumat verilir.