Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların müraciətlərinin yerində araşdırılması, onları narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə noyabrın 18-i Binə qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə RİH başçısının müavinləri və Aparatın məsul əməkdaşları, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Binə bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Səyyar görüşdə Elşən Salahov ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, infrastrukturun yenilənməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu sahələrdə əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Eyni zamanda, əvvəlki səyyar görüşlər zamanı qaldırılmış müraciətlərin icra vəziyyəti nəzərdən keçirilib, onların həlli istiqamətində görülmüş işlər barədə sakinlərə məlumat verilib.